Macarıstan Qran-prisində poul "Ferrari"nin oldu - Şarl Lekler ilk sıradan start verəcək

Formula 1 üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsi yekunlaşıb. Yarışın poul mövqeyini "Ferrari" komandasının pilotu Şarl Lekler qazanıb.

innews.media xəbər verir ki, Monakolu sürücü sabah keçiriləcək əsas yarışa birinci yerdən start verəcək. Sıralama turunda "McLaren" pilotları da yüksək nəticə göstəriblər – Oskar Piastri ikinci, Lando Norris isə üçüncü yerdə qərarlaşıb.

Son dörd mövsümün dünya çempionu Maks Ferstappen (“Red Bull”) bu dəfə uğursuz təsnifat keçirərək yalnız 8-ci sırada qərarlaşıb. Bu, holland pilotun əsas yarışa geridən başlaması deməkdir.

Yubiley yarışı: Macarıstanda 40-cı Qran-pri

Qeyd edək ki, builki Macarıstan Qran-prisi tarixdə 40-cı dəfə təşkil olunur. Yarış ənənəvi olaraq Budapeştin Hungaroring avtodromunda keçirilir və Formula 1 təqvimində ən sabit Qran-prilərdən biri hesab olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV