“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşlər başa çatıb - FOTO

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ilk sərbəst yürüşü başa çatıb. Dünyanın ən sürətli pilotları pit yolunun sonunda işıqforun yaşıl işığı yanan kimi paytaxt küçələrinə çıxıblar.
Həftəsonunun əsas favoritlərindən olan “McLaren” komandasının sürücüsü Lando Norris ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb – 1:42.704. Onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri 0.310 saniyə geridə qalaraq ikinci nəticəni göstərib. İlk üçlüyü isə “Ferrari”nin sürücüsü Şarl Lekler tamamlayıb - 1:43.256.
Qeyd edək ki, sessiya qısa müddət ərzində qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb isə Karlos Saynsın 16-cı döngədə porebriklərə sərt hücumu zamanı maşından bəzi elementlərin trasa düşməsi olub. Marşalların operativ müdaxiləsindən sonra yarış yaşıl bayraqlarla davam etdirilib.
Xatırladaq ki, saat 16:00-da F1 sürücüləri ikinci məşqlərə çıxacaq və və bununla Azərbaycan Qran-prisinin ilk günü yekunlaşacaq.
Axşam isə azarkeşləri elektron musiqinin ən parlaq simalarından biri – Anyma gözləyir. Onun futuristik üslubda hazırladığı audiovizual şou artıq "Tomorrowland" və "Coachella" kimi dünyanın ən nüfuzlu festivallarında tamaşaçıları valeh edib. Bakı Konserti isə Formula 1 Azərbaycan Qran Prisi 2025 çərçivəsində şəhərin musiqi axşamına xüsusi rəng qatacaq.














