Milli komandamız Oyunlara hazırlığını davam etdirir

ESTAFET/ Azərbaycanın futbol üzrə yeniyetmələrdən (U-16) ibarət yığma komandası 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda baş tutacaq III MDB Oyunlarına hazırlığını fəal şəkildə davam etdirir.
Altı ölkənin yığmalarının qoşulacağı futbol turniri Qəbələ şəhər stadionunda keçiriləcək. Artıq bu yarışın püşkü də atılıb. A qrupunda yer alan milli komandamız Tacikistan və Qırğızıstan milliləri ilə qarşılaşacaq.
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşüb:
“Artıq iki gündür komanda ilə bir yerdəyik. Bu ayın əvvəllərində təlim-məşq toplanışında olduq, Gürcüstan yığmasına qarşı yoxlama görüşü keçirdik. MDB Oyunlarında qrupumuzda yer alan Tacikistan və Qırğızıstan keyfiyyətli komandalardır. Aqressivdirlər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar”.
Baş məşqçinin sözlərinə görə, komandanın hədəfi turniri qalib kimi başa vurmaqdır:
“Turnir doğma vətənimizdə keçiriləcək. Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar”.
Qeyd edək ki, U-16 millimiz sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq. Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.
