RƏCƏBOV ÜÇÜN SON ŞANS
ESTAFET/ Bugündən etibarən İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının 4-cü mərhələsi start götürür. Sonuncu və həlledici mərhələ olan bu turnirdə təmsilçimiz Teymur Rəcəbov da yarışır.
18 qrosmmeysterin İsveçrə sistemi ilə 9 turdan ibarət mübarizə aparacağı turnirin yekununda İddialılar turnirinin son 2 iştirakçısınin adı müəyyənləşəcək. 18 nəfərin içərisində yalnız 2 şahmatçının - Teymurun (241,4 xal) və fransız Maksim Vaşyer-Laqravın (211,4 xal) Dünya çempionluğu üçün son mərhələyə şansı qalıb. Çinli şahmatçı Dinq Lirenin Dünya Kubokunun finalına çıxmaqla İddialılar turnirinə vəsiqə qazanması Qran Pridə intriqanı demək olar ki, aşağı saldı - çünki onun aktivində 240 xal var idi və kifayət qədər maraqlı mübarizə gedə bilərdi. Digər şahmatçıların isə heç bir halda şansı qalmadığı üçün onların iştirakı yalnız formal xarakter daşıyır.
Teymur turnirin yekununda 3-4-cü yerləri bölüşdürsə belə və ya 9 oyundan 5,5 xal toplasa bu onun üçün yetərli ola bilər. Şəhriyar Məmmədyarovun İddialılar turnirində iştirakı demək olar ki, şübhə doğurmur. Belə ki, hazırda onun aktivində 340 xal var və o ümumi siyahıya başçılıq edir. Şəhriyarı 336,4 xalla rus Aleksandr Qrişuk izləyir. Teymur Qran Prini qalib bitirərsə, hər iki şahmatçımız İddialılar turnirinə yollana bilər.