QADIN GÜLƏŞÇİLƏRİMİZ DÜNYA KUBOKUNDA 7-Cİ OLDULAR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçirilirdi.
 
Yığmamız püşkün nəticəsinə əsasən, Çin, Ukrayna və Monqolustan komandaları ilə birlikdə B qrupunda mübarizəyə qoşulmuşdu. Qrupda keçirdiyi hər 3 görüşü (Monqolustana 2:6, Çinə 0:8 və Ukraynaya 4:4 - texniki xallara görə ukraynalılar qalib olub) məğlub olan millimiz, bu gün Dünya Kubokunda sonuncu olmamaq üçün İsveç yığması ilə qarşılaşıb. Görüş millimizin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb və güləşçilərimiz 7-ci yeri tutublar. 
 

Dünya Kubokuna isə finalda Çin yığmasına qalib gələn Yaponiya güləşçiləri sahib olublar - 4:4 (texniki xallara görə yaponlar üstün olub - 17:16).

 

3-cü yeri ABŞ yığmasını 5:3 hesabı ilə üstələyən Monqolustan yığması tutub. Eyni hesab 5-cilik uğrunda olan görüşdə də qeydə alınıb - meydan sahibləri Ukrayna yığmasından güclü olub.