Elxan millimizə 2-ci bürüncü qazandırdı: World Masters

ESTAFET/ Sankt-Peterburqda (Rusiya) cüdo üzrə "World Masters" seriyasından olan turnir davam edir. Bu gün yarışın son günüdür və qalan 5 cüdoçumuz da tatamiyə çıxır.

 

90 kq

Bu çəki dərəcəsində iki cüdoçumuz mübarizə aparırdı. Təəssüf ki, hər ikisi turniri medalsız başa vurub. Tural Səfquliyev ilk görüşündən meydan sahibi Xusen Xalmurzayevə məğlub olaraq dayanıb. 

 

Məmmədəli Mehdiyev isə monqol Altanbaqana Qantulqanı məğlub etsə də, davamını gətirə bilməyib. Belə ki, ardıcıl olaraq İspaniyanın gürcü əsilli cüdoçusu Nikoloz Şerazadişviliyə və macar Kriştian Tota məğlub olan Mehdiyev mükafatsız qalıb. 

 

100 kq

Bu çəki dərəcəsindəki dəyişməz təmsilçilərimiz  - Elxan Məmmədov və Elmar Qasımov burada da mübarizəyə qoşulublar.

 

Elxan isveçli Xoakim Dvarbini və portuqal Xorxe Fonsekaya qalib gələrək yarımfinala adlayıb. Veteran cüdoçumuz yarımfinalda holland Mixael Korrelə güləşib. Əsas vaxtda xal ala bilməyən cüdoçular qızıl xala gediblər və cərimə xalı ilə məğlub olan Elxan bürünc medal üçün güləşməli olub. Burada isə onun rəqibi rus Kiril Denisov idi. Qalib gələn Elxan turnirin bürünc mükafatı ilə yanaşı reytinqinə də 900 xal əlavə etmiş olub.    

 

Elmar isə əvvəlcə rus Niyaz Bilalova qalib gəlsə də, macarıstanlı Mikloş Kiryeniksə məğlub olub. Bürünc medal uğrunda görüşə çıxmaq üçün cüdoçumuz təslliverici görüşdə rus Kirill Denisova qalib gəlməli idi. Lakin Elmar bunun öhdəsindən gələ bilməyib. 

 

+100 kq

Ən ağır çəki dərəcəsində komandamızın gürcü legioneri Uşanqi Kokouri yarışıb və ilk görüşündən monqol Duranbaya Ulzibayara məğlub olaraq mübarizəni dayandırıb.

 

Xatırladaq ki, turnirin ilk günündə Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.