Gimnastika - Bədii gimnastika
ESTAFET/ Həm incəsənət, həm də idman növü olan bədii gimnastika özündə iki yarış proqramını birləşdirir: fərdi çıxışlar və qrup hərəkətləri. Hər bir qrup komandası 5 əsas və 1 ehtiyatda olan gimnastdan ibarət olur və ehtiyatda olan gimnast 2 hərəkətdən birində çıxış etməlidir. Bədii gimnastika sırf qadın idman növüdür və ölçüsü 13x13 metr olan xüsusi xalçada müsiqi müşaiyəti ilə yerinə yetirilir.
Gimnastlar 5 alətlə çıxış edirlər: halqa, top, gürzlər, lent və iplə. Bir qayda olaraq, böyük gimnastlar iplə hərəkətlərdən başqa, digər bütün alətlərlə çıxış edirlər. Yeniyetmə gimnastlarda isə hər iki ildən bir alətlər dəyişir. Yarış zamanı fərdi proqramda çıxış edən gimnast 4 alətlə 4 hərəkəti yerinə yetirməlidir. Qrup komandası isə 2 alətlə hərəkətləri nümayiş etdirirlər: birinci 5 eyni alətlə, ikinci isə 2 fərqli alətlə (3 gimnast bir alətlə, ikisi isə digər alətlə). Bədii gimnastikada yalnız çoxnövçülük Olimpiya növü sayılır (fərdi proqramla çıxış edən gimnastlarda 4 hərəkətin nəticəsinə görə ümumi xal hesablanır, qrup komandası isə 2 hərəkətlə çıxış etməlidir)
Halqa
Plastikdən və ya polietilendən hazırlanır. Halqanın diametri 70-90 sm olur (gimnastın boyundan asılı olaraq). Halqa birrəngli və çoxrəngli ola bilər; bir çox gimnastlar gözəllik üçün halqanı rəngli skotç ilə bəzəyirlər (çox zaman gimnastın geyiminin rənginə uyğun olaraq).
Top
Rezindən və ya rezin kimi elastik olan sintetik materialdan hazırlanır. Diametri 18-20 sm, çəkisi isə 400 qr olan top istənilən rəngdə ola bilər və bu aləti gimnastın əlində rahat tuta bilməsi vacibdir.
Gürzlər
Plastikdən və ya kauçukdan hazırlanır. Gürzlərin uzunluğu 40-50 sm olur. Hər gürzün ağırlığı 150 qramdır. Gürzlər birrəngli və sərbəst şəkildə bəzədilmiş ola bilər. Müasir gimnastlar öz gürzlərini rəngli skotçla bəzəyirlər. Son zamanlar gimnastın əlindən sürüşməməsi üçün məxməri tutacaqları olan gürzlərlə çıxış etməyə icazə verilir. Yarışlarda yalnız iki gürzlə çıxış etmək olar.
Lent
Çubuqdan və lentin özündən ibarət olur. Çubuq silindrik və konus formasında olur. Əsasən orqanik şüşə və ya plastikdən (əvvəllər taxtadan) hazırlanır və uzunluğu 50-60 sm olur. Çubuq istənilən rəngdə ola bilər. Lentin özü atlas parçadan hazırlanır. Uzunluğu 6 metr (böyük gimnastlar üçün) və 5 metr (yeniyetmələr üçün) olur. Lent həm birrəngli, həm də çoxrəngli ola bilər. Çubuq və lent nazik metal karabin vasitəsi ilə birləşir. Bu cür bərkidilmə heç də etibarlı sayılmır, beləki, çıxış zamanı lentin çubuqdan qopma halları məlumdur. Buna görə də gimnastlar lenti çubuqa neylon saplarla birləşdirirlər.
İp
İpin tutacaqları olmur, lakin onun uclarının düyünlənməsinə və yandırılmasına icazə verilir. Xarici görünüşü kəndirə bənzəyən ip çətənə lifi və ya neylondan hazırlanır. Bu alətin uzunluğu gimnastın boyunun uzunluğuna proporsinal olmaq şərtilə, istənilən rəngdə ola bilər. Gimnastların çıxışı iki hakim briqadası tərəfindən qiymətləndirilir – onlardan biri çətinlik üzrə, digəri isə icra üzrə hakimlik edir. İcra üzrə xallar hesablanarkən artistizm və hərəkətlərin texnikası da nəzərə alınır.
Qısa arayış: Bədii gimnastika idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb. Fransız fizioloq və pedaqoq Corc Deneni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında mühüm rol oynayıb. Onun həmkarı pedaqoq Fransua Delsartın (1811-1871) ifadəli hərəkət vərdişlərinin nəzəriyyəsinin hazırlanmasında əhəmiyyətli rolu var. 1961-ci ildə bədii gimnastika rəsmi olaraq Beynəlxalq Gimnastika Federasiyasının idman siyahısına daxil olub. İki il sonra Budapeştdə birinci Dünya Çempionatı keçirilib, 1984-cü ildə isə bu idman növü Olimpiya Oyunlarının proqramına daxil edilib.