Şəhidlərin xatırəsinə həsr olunmuş beynəlxalq karate turniri keçirilib

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" klubunun birgə təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş 2-ci açıq beynəlxaql turnir keçirilib. Bakı İdman sarayında xatirə turnirində Rusiya, İran, Özbəkistan, İsraildən, eləcə də Azərbaycanın müxtəlif regionlarından 60-dək klubun tərkibində 700-dən artıq uşaq, yeniyetmə və gənc idmançı iştirak edib.

 

Yarışın təntənəli açılış mərasimində 20 yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi sükutla anılıb. AMKF prezidenti Yaşar Bəşirov, “Arpaçay” klubunun rəhbəri Yavər Hüseynov, Gənclər və İdman nazirliyinin nümayəndəsi Əhəd Əliyev və digər çıxış edənlər vətən uğrunda şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğunu, belə turnirlərin idmançıların vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərdiyini söyləyib. 2016-cı il aprel döyşülərinin şəhidi Fərman Əsədlinin atası Elçin Əsədov şəhidlərimizin ruhuna hörmət əlaməti olan belə kütləvi tədbirlərə görə şəhid valideyinləri adından təşəkkürünü çatdırıb.

 

Yarışdan bir gün əvvəl Azərbaycanda ilk beynəlxalq karate seminarında uşaq və yeniyetmələrlə təcrübəsini bölüşən Rafael Ağayevə “Arpaçay” klubunun xüsusi mükafatı, bir neçə tanınmış idman xadiminə isə fəxri diplomlar təqdim olunub.

 

Yarışın son günü müxtəlif yaş qruplarında qaliblər müəyyənləşib.  

Müəllif: Orxan NOVRUZOV