Ölkə başçısına Dünya çempionatının ilk bileti təqdim olunub

ESTAFET/ Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dənizkənarı Milli Parkda müxtəlif idman federasiyalarının lövhələri ilə tanış olan ölkə başçısına ətraflı məlumat verilib. Cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqov sentyabrın 20-27-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı haqda danışıb. Çempionatda 150-dək ölkədən 800-yə yaxın idmançının iştirakı gözlənilir. Azərbaycan milli komandası dünya çempionatında tam heyətlə iştirak edəcək. Yarışlar Milli Gimnastika Arenasında keçiriləcək. Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Azərbaycan prezidenti İlham Əliyevə dünya çempionatının ilk biletini təqdim etib.

