Quba məktəblisi simulyator yarışının qalibi olub

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə bölgələrdə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula1 çempionatını təşkil edib. Martın 19-da isə Bakıda region qaliblərinin iştirakı ilə final mərhələsi keçirilib. 

 

Final yarışında Qax rayonundan Aqşin Əhmədov, Mingəçevir şəhərindən Xası İsgəndərli, Füzuli rayonundan Hüseyn Eyvazov, Şirvan şəhərindən Gülağa Abdullayev və Lənkərandan isə Azər Məmmədli finalda mübarizə aparıblar. 

 

Gərgin mübarizənin yekununda Qubanı təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə (1:46:070) simulyatorda keçirilən ilk çempionatın qalibi oldu. Qələbədən sonra o fikirlərini belə ifadə edib: 

 

“Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutmuş ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq çempion adını qazandığım üçün çox sevincliyəm”.

 

Yarışın sonunda final mərhələsinin bütün iştirakçılarına BŞH Əməliyyat Şirkəti tərəfindən yerli sahibkarlığa dəstək məqsədilə “İSMA” şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verildi. Bundan başqa, regionların çempionuna isə əlavə olaraq Formula1 Azərbaycan qran-prisi üçün tribunaya 2-nəfərlik 4-günlük bilet təqdim olundu.

 

Sonra final iştirakçıları BŞH-nin ofisini ziyarət etdilər. Burada məktəblilər Formula1 Azərbaycan qran-prisinin könüllülük və marşallıq proqramları ilə tanış oldular və onlara proqram təmsilçiləri tərəfindən dəyərli hədiyyələr verildi. 

Müəllif: Natiq NƏSİROV