"Hədəf 1-ci yeri tutmaqdır": Firdovsi Umudov

ESTAFET/ Xəbər verdiyimiz kimi, 7-8 aprel 2018-ci il tarixlərində ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

 

Bu gün Olimpiya Güləş Mərkəzində AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun iştirakı ilə yarışda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Daha sonra AGF-nin 1-ci vitse-prezidenti və sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov açıq məşqdə iştirak edən media nümayəndələrinin suallarını cavablandırıb.

 

- Dünya Kubokunda İran və Rusiya yığmaları iştirak etməyəcək. Bu, Azərbaycan millisinin şansını artırmayacaq?

- İran Güləş Federasiyasının prezidenti daxili problemlər səbəbindən istefa verib. Rusiya yığmasında isə viza problemləri ortaya çıxıb. Bu səbəbdən, hər iki ölkə yığması Dünya Kubokuna qatılmayacaq. Yarışa qatılacaq ölkələrə, kimliklərindən asılı olmayaraq, hörmətlə yanaşmaq lazımdır. Çünki hamısı güclü komandalardır. Qrupdakı rəqiblərimizə nəzər salsaq, Kuba güləş məktəbi dünyada sözünü deyib. Qazaxıstan da həmçinin. İran və Rusiyanın əvəzinə Hindistanla Monqolustana dəvət göndərilib. Asiya ölkələri komandalarının gəlişi baş tutsa, ikisindən biri qrupumuza düşəcək. Hədəfimiz isə finala yüksəlməkdir.

 

- Bəzi çəkilərdə bir, bəzilərində isə iki güləşçiyə şans verəcəksiniz. Zədə ehtimalını nəzərə alaraq, bütün çəkilərdə iki pəhləvana şans vermək mümkün deyildi?

- 57 kq, 65 kq və 97 kq çəkilərdə güləşçiləri yoxlamaq fikrimiz var. Ona görə bu çəkilərdə 2 pəhləvan çıxış edəcək. Amma ümumilikdə bütün çəkilərdə 2 güləşçi ilə təmsil olunmağa lüzum görmədik.

 

- Heyətdə sürpriz ad da var - Coşqun Əzimov...

- Biz onu müxtəlif turnirlərdə yoxladıq. Nəticələr verdiyi üçün daha səviyyəli yarışlarda sınaqdan çıxarmağın zamanının yetişdiyi qənaətinə gəldik. Qarşıdan Avropa çempionatı gəlir. 2 güləşçimiz - Şərif Şərifovla Murtuz Müslümov zədələrini bərpa edə bilməsələr, Əzimovu qitə çempionatına apara bilərik. Digər tərəfdən, cəzası bitmək üzrə olan Toğrul Əsgərovu da heyətə cəlb etməyimiz mümkündür.

 

- Bəzi güləşçilər ənənəvi çəkilərindən yuxarıda çıxış edəcəklər. Məsələn, Hacı Əliyev...

- Hacı artıq 65 kq çəkidə çıxış edir. Digər güləşçilər də öz çəkilərində mübarizə aparacaqlar.

 

- Bəs Toğrul Əsgərov qayıtdıqdan sonra hansı çəkidə çıxış edəcək?

- Hələlik onu 70 kq-da yoxlayacağıq. Hələ Avropa çempionatında çıxış edəcəyi tam dəqiq deyil. Çünki Toğrulu yoxlamalıyıq. Hazırda formada deyil. Çempionatadək baxacağıq. Coşqun Əzimovu Dünya Kubokunda yoxlamağımızın məqsədi Murtuz Müslümovun da zədəli olması ilə bağlıdır. Əzimov yaxşı çıxış etməsə, Avropa çempionatında Toğrulun güləşmə şansını dəyərləndirə bilərik. Amma yenə də hazırlıq səviyyəsinə baxacağıq.

 

- Azərbaycan çempionatının finalında mübarizə aparmış Murad Süleymanova Cəbrayıl Həsənovun əvəzləyicisi gözü ilə baxılmışdı. Amma Dünya Kubokuna yollanan heyətdə yoxdur. Bu, nizam-intizam problemi ilə əlaqədardır, yoxsa...?

- Hər zaman demişəm: Nizam-intizama əməl etməyən güləşçi yığmada yer almamalıdır. Özünün mübarizə aparmaq istəyi yoxdursa, onu məcbur edə bilmərik. Digər tərəfdən, bu yaxınlarda ailə qurduğundan, hələ tam formada deyil. 79 kq çəkidə güləşməsi də sual altındadır. Artıq 85-86 kq çəkisi var. Yəqin ki, 23 yaşadək güləşçilər arasında Avropa və dünya çempionatlarında 86 kq-da yer alacaq.

 

- Demək olarmı ki, Dünya Kubokunda əsas hədəf birinci yeri tutmaqdır?

- Bəli, qarşımıza bu məqsədi qoymuşuq. Lakin bu, güləşdir, mübarizədir. Qazaxıstan, Kuba kimi yığmalar yetərincə güclü komandalardır. Zəif rəqib yoxdur. Saymazlıq üzündən məğlubiyyətlə üzləşə bilərsən. Dünya Kubokunda nəticə verməliyik. 2016-cı il Dünya Kubokunda olduğumuz vaxt aprel döyüşləri baş verdi. Bütün qələbələrimizi şəhidlərimizə, veteranlarımıza, qazilərimizə həsr etmək üçün vuruşacağıq. Ən pis halda ilk 3-lükdə yer tutub, okeanın o tayında bayrağımızı qaldıraraq, uğurlu nəticə ilə Vətənə qayıtmalıyıq.

 

- Cəmi 4 həftə sonra Avropa çempionatı keçiriləcək. Dünya Kubokunda çıxış etmək qitəmiqyaslı yarışdakı müsbət nəticələr göstərməyinizə necə təsir edə bilər?

- Bərpa prosesinə yetərincə vaxtımız olacaq. 2009-cu ildə İranda Dünya Kubokunun qalibi olduqdan 2 həftə sonra Avropa çempionatında uğurla çıxış etmişdik. Yəni, yetərincə vaxt var. Heç vaxt döyüşdən qorxmaq lazım deyil. Bir həftə - on günlük vaxt olsaydı, bu barədə fikirləşmək olardı. Digər tərəfdən, 3 çəkidə 2 güləşçi çıxış edəcəyindən, istirahət etmək imkanı da olacaq. Bərpa prosesini isə Bakıya qayıtdıqdan sonra 5-6 gün ərzində keçəcəyik.

 

- 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi güləşçilərin çəki dərəcələrini dəyişəcəkləri gözlənilir?

- Aslanbek Alborova çəkisini dəyişməyi mən məsləhət görmüşəm. Buradan ABŞ-a gediriksə, uğurlu nəticə ilə qayıtmalıyıq. Digər qrupdakı ABŞ, Yaponiya və Gürcüstan yığmaları dünyada yetərincə tanınmış komandalardır, güclü güləş məktəbləri var. Bir çəkidə uğursuzluq bütün görüşün taleyini həll edə bilər. Hətta hesab 5:5 olduqda, qələbələrin hansı hesabla əldə olunduğuna baxılacaq. Dünya Kubokuna güclü heyətlə gedirik. Avropa çempionatınadək Şərifovun zədəsi sağalmasa, Alborovu yoxlayacağıq.  

Müəllif: Natiq NƏSİROV