Sablyaçılar dünya birinciliyində mübarizəyə qoşulub
ESTAFET/ Bu gün İtaliyanın Verona şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində sablyaçıların yarışına start verilib.
Turnirin 4-cü yarış günündə gənc sablyaçıların fərdi yarışında qaliblər müəyyənləşib. Komandamız sablyaçıların fərdi mübarizəsində ümumilikdə 5 qılıncoynadanla təmsil olunub. Təmsilçilərimizdən Aysel Əhədova və Nərminə Cəfərova ilkin qrup mərhələsini uğurla adlayıblar. Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Burada meksikalı sablyaçıya qalib gələn Aysel pley-off çərçivəsində keçirdiyi növbəti görüşdə italiyalı Beatris Dalla Vecciyaya məğlub olub. Qrup mərhələsini 2 qələbə ilə başa vuran Nərminə Cəfərova da növbəti mərhələyə vəsiqə qazanmağı bacarıb. Təmsilçimiz növbəti mərhələdə ispaniyalı Ainhoa Perezə uduzub.
Gənc kişi sablyaçıların mübarizəsində isə komandamız 3 iştirakçı ilə təmsil olunub. İlkin qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn Cavanşir Ağakişiyev növbəti mərhələdə fransalı Sebastyan Patrisə məğlub olub. Qrup mərhələsi çərçivəsində keçirdiyi görüşlərdə 2 qələbə qazanan Qərib İbrahimov isə növbəti mərhələdə almaniyalı Frederik Kayndlerə uduzub. İlkin qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gəlməyi bacaran Xalid Əsədov isə mübarizəni erkən dayandırıb.