Yeniyetmə şpaqaçılarımız fərdi yarışda çıxışını başa vurdu

ESTAFET/ İtaliyanın Verona şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyi davam edir.

 

Yığma komandamız turnirin ikinci yarış günündə 3 yeniyetmə şpaqaçı ilə təmsil olunub. Təmsilçilərimizdən Barat Quliyev ilkin qrup mərhələsində hindistanlı, litvalı, fillipinli və kiprli rəqibləri üzərində qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanıb. Quliyev Macarıstan təmsilçisi Daniel Kovaca 7:15 hesabı ilə uduzub.


Digər yeniyetmə şpaqaçımız Xalid Əliyev də ilkin qrup mərhələsində 4 qələbə qazanıb. Qılıncoynadanımız ABŞ,Qətər,Honkonq və Bolqarıstanı təmsil edən şpaqaçılarla dueldən qalib ayrılıb. Xalid Əliyev növbəti mərhələdə ukraynalı Maksim Kariçenkoya 5:15 hesabı ilə məğlub olub.


Daha bir təmsilçimiz Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb. Yeniyetmə şpaqaçımız qrup mərhələsində yalnız iranlı Məhəmməd Rezaini məğlub etməyi bacarıb. 

Müəllif: Natiq NƏSİROV