Rauf şahmat məsələlərinin həlli üzrə ölkə birincisi oldu
ESTAFET/ Şahmat məsələlərinin həlli üzrə 39-cu Azərbaycan çempionatı keçirilib. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Qəbələ, Şabran, Qobustan, Naftalan, Göygöl) 29 nəfər mübarizə aparıb.
Respublika Şahmat Mərkəzində təşkil olunan rəqabətdə 3-qat Avropa çempionu Rauf Məmmədov 90 mümkün xaldan 61,75 (320 dəq) toplayaraq həlletmə tarixində 12-ci çempion adını qazanıb. Gümüş medalı 60,75 (325 dəq) xalla gənc şahmatçı Amil Abbasov (Gəncə), bürünc medalı isə 60 (316 dəq) xalla 15 qat ölkə çempionu, həlletmə üzrə beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) əldə ediblər.
Dünya kubokunun sahibi beynəlxalq qrossmeyster Zaur Məmmədov Türkiyədə keçiriləcək şahmat turnirində iştirakla əlaqədar çempionatın yalnız ilk günündə iştirak edib. Bu, ona 42 xalla yalnız 4-cü yeri tutmağa kifayət edib.
Qadınların yarışında 1-ci yeri Səbinə Rzalı (Sumqayıt), 2-ci yeri Aydan Hüseynzadə (Qəbələ), 3-cü isə Nərminə Ruzicəng (Naftalan) tutublar.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazanıblar: ikigedişli, yardımmat – Araz Alməmmədov (Qəbələ), üçgedişli – Zaur Məmmədov (Bakı), etüdlər, çoxgedişli, əks-mat – Rauf Məmmədov (Bakı).
Qaliblər pul mükafatları, fəxri fərman və medallarla mükafatlandırılıblar. Həlletmə komandamız sentyabr ayında Makedoniyanın Oxrid şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.