Milli komanda Şəkidə təlim-məşq toplanışındadır
ESTAFET/ 10-13 may tarixlərində Serbiyanın Novı Sad şəhərində keçiriləcək karate üzrə Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.
Olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. Milli komandanın baş məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir.
Bir həftəlik toplantında federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, həmçinin idmançıların yarışlarda çıxışlarından hazırlanmış xüsusi analitik məşğələlər nəzərdə tutulub. İdmançılar qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtadakı təlim-məşq bazasında keçəcək. Milli komanda yarışa mayın 8-də yollanacaq. Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcək.