"Qəbələ" 4-cü çempionluğunu qazandı

ESTAFET/ “Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə ilk titulunu qazanıb. Akademiyanın 17 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın təşkil etdiyi “Bakcell U-17 Liqası”nın çempionu olub. “Qırmızı-qaralar” qızıl medalları XXIX turda rəsmiləşdirib.

 

Öz meydanında “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Qəbələ” yarışın sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 29 matçda 23 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 101 qol vurub, 17-ni buraxıb. 73 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük (1:1, 4:0, 0:1) “qırmızı-qaralar”a 4-cü dəfə U-17 Liqasının çempionluğunu yaşadıb.

 

Xatırladaq ki, “Qəbələ” 2009/10, 2012/13 və 2014/15 mövsümlərində də bu liqanın qalibi olub. 2010/11, 2013/14 və 2015/16 mövsümlərində isə komanda 2-ci yeri tutub. 

Müəllif: Orxan NOVRUZOV