"Şahmatda rəqib olmaq münasibətimizə təsir etmir": Teymur Rəcəbov
ESTAFET/ Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VII tur davam edir. Turnirin mətbuat xidməti xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb.
Partiyadan sonra Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır. Heç-heçələrin sayını bilmirəm. Çünki statistikayla maraqlanmıram. Adətən rəqibə qarşı hazırlaşırıq. Şəhriyarla uzun illər Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu bizim münasibətə mane olmur".
Teymur Rəcəbov eyni zamanda bəzən şahmatda rəqibin məğlubiyyəti qəbul etməməsi barədə danışıb: "Şahmatda bəzən məğlub tərəf nəticəni qəbul edə bilmir. Hansı turnir olduğu yadımda deyil, bir dəfə qələbə qazanandan sonra məğlub olan rəqibim göz yaşlarını saxlaya bilmədi. Bu hal mənə çox pis təsir etdi. Qələbə qazananda sevindiyin kimi məğlubiyyət zamanı pis olursan. İstənilən şəraitdə gərək özünü ələ almağı bacarmalısan".