Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər - Formula 1

ESTAFET/ “Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə
təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən builki mövsümdən etibarən paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər. Bu yenilikdə məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini F1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir.


Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə F1 Qran Prisinin promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) birgə həyata keçirir. AAF və BŞH azyaşlıları bu unikal fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.


Qeyd edək ki, “Gələcəyin ulduzları” Azərbaycan Avtomobil Federasiyası tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilib. 20 uşağın (10 qız və 10 oğlan) hər biri mərasim zamanı bir pilotun yanında dayanacaq.


Azərbaycan Qran Prisində iştirak edəcək “Gələcəyin ulduzları” üçün yarış həftəsonuna dair təlimlər keçirilib və aprelin 25-də görüş zamanı uşaqlara müvafiq tapşırıqlar verilib. 

 

Müəllif: Natiq NƏSİROV