Azərbaycandan böyük irəliləyiş və Çempionlar Liqasına vəsiqə
ESTAFET/ Avropa Həndbol Federasiyası qadın klubların yeni reytinq cədvəlini açıqlayıb. Avrokubokda son 3 mövsümdəki (2015/16, 2016/17, 2017/18) çıxışa əsasən tərtib olunan siyahıda Azərbaycan 23-cü pilləyə yüksəlib.
Ötən illə müqayisədə 7 pillə irəliləyən ölkəmizin aktivində 6,29 xalı var. Belə ki, 2018/19 mövsümü üçün 30-cu yerdə olan komandamız bu dəfə 23-cü yerə qalxmaqla, cədvəldə Litva ilə birgə ən böyük yüksəlişə nail olub. Bu yer Azərbaycana 2019/20 mövsümündə Çempionlar Liqasında getmək şansı da verib. Reqlamentə əsasən, gələn il qitənin ən nüfuzlu klub turnirində və EHF Cup-da 1, “Çelenc Cup”da 2 komanda ilə təmsil oluna bilərik.
Ölkəmiz 22-ci yerdə qərarlaşan İtaliyadan 0,09 xal geri qalırsa, bizi izləyən Slovakiyanı 0,29 xal qabaqlayır.
41 ölkənin yer aldığı siyahıya 130 xalla Macarıstan başçılıq edir. Rumıniya (111,86) ikinci pilləyə qalxdığı halda, Rusiya (98,86) yenə 3-cüdü.
İlk “24-lük”də yer alan ölkələr Çempionlar Liqasına 1 komanda göndərə bilər. 1-ci və 2-ci yerin sahibləri EHF Cup-da 4, 3-6-cı yerlər 3, digərləri 1 klubla mübarizə apara bilər. “Çelenc Cup”da 8-22-ci pillələrin sahiblərinə 2, digərlərinə 3 iştirak hüququ verilib.
Həmçinin aktivində xal olmayan və siyahıya daxil edilməyən Albaniya, Andorra, Ermənistan, Estoniya, İrlandiya, Latviya, Lixtenşteyn, Malta və Monteneqroya da avrokuboka qatılmaq şansı yaradılıb. Onlar istəsələr, “Çelenc Cup”a 4 klub çıxara bilərlər.
Qeyd edək ki, ölkəmiz indiyədək Çempionlar Liqasında təmsil olunmayıb. Əgər bu 2019/20 mövsümündə reallaşarsa, müstəqilliyimizdən sonra tarixə ilk kimi düşəcək.
Mənbə: APASport