Çerışev "Valensiya"da
ESTAFET/ Son günlərdə “Çelsi”dən Miçi Batşuayini, Madrid “Atletiko”sundan Kevin Qameyronu heyətinə qatmaqla diqqət mərkəzinə düşən İspaniyanın “Valensiya” klubu daha bir transfer rəsmiləşdirib. La Liqa təmsilçisi bu dəfə Rusiya millisinin və “Vilyareal”ın futbolçusu Denis Çerışevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Valensiya” 27 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Rusiyalı futbolçu mövsümün sonunadək bu klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Çerışev 2016-cı ildə də “Valensiya”da çıxış edib. Həmin vaxt o, yetirməsi olduğu Madrid "Real"ı tərəfindən bu kluba icarəyə verilmişdi. Elə həmin mövsüm başa çatan kimi yarımmüdafiəçi “Vilyarreal”a transfer olunmuşdu.