"Millidə hamı rusca danışır": Rüfət Dadaşov
ESTAFET/ Millətlər Liqasında Farer adaları (3:0) və Malta (1:1) ilə qarşılaşmada yığma komandamızın formasını geyinən Rüfət Dadaşov klubu “Proyssen”in düşərgəsinə qayıdıb. 27 yaşlı hücumçu Almaniyaya dönər-dönməz yerli mətbuata müsahibə verib. O, həm milliyə dönüşü, həm də geridə qalan iki matçla bağlı danışıb.
- Uzun səfərlərdən sonra yorğunluğunuz varmı?
- Xeyr, hər şey qaydasındadı.
- Yığmada son oyununuz oktyabrın 14-də oldu. Almaniyaya yalnız indi qayıtmağınız təəccüblü deyil?
- Bakıdan Frankfurta, ordan isə Münsterə gəldim. Ardından da diş həkiminə getməli idim.
- Dərhal məşqlərə qoşuldunuz. Daha bir gün dincəlmək istəməzdiniz?
- Xeyr. Hücumçulara bugünkü məşqdə çox iş düşmədi. Mənim üçün kollektivə tez qoşulmaq yaxşıdı.
- Azərbaycan yığmasının heyətində beynəlxalq arenada iki yaxşı oyun keçirdiniz...
- Orda olduğum müddətdə futbolçulardan, məşqçilərdən yalnız müsbət fikirlər eşitdim. Mən də olduqca məmnunam. Əlbəttə ki, Malta ilə heç-heçə etdiyimiz (1:1) üçün məyus oldum. Çox qol vəziyyəti yaratdığın matçda qələbə qazanmaq məcburiyyətindəsən.
- Sizin qol vəziyyətləriniz çox oldu?
- Şəxsən mənim də imkanlarım oldu. Bir epizodda özümə əsəbləşdim. Çünki iki metrlik məsafədən topu qapıdan keçirə bilmədim. Bu məni çox narahat etdi.
- Milliyə qayıtmaq necə hissdi? Anlaşma baxımından problem yaşamadınız?
- Əlbəttə, gözəl hissdi. Rusca danışıram, orda hamı bu dildə danışır. Hətta baş məşqçimiz də, demək olar ki, həmişə rusca danışır. Alman dilində danışan tərcüməçilər var. Bunlar daha çox Dmitri Nazarova görədi.
- Nazarov 2012-2013-cü illərdə “Proyssen”də çıxış edib. Onunla söhbət etdinizmi?
- Əlbəttə, qısa söhbətimiz oldu. Burda çox şeyin dəyişdiyini dedi.
- Hər iki matçda 90 dəqiqə çıxış etdiniz. Bu, əvvəlcədən razılaşdırılmışdı?
- Xeyr, belə bir şey olmamışdı. Yəqin ki, məşqlərdəki hazırlığıma görə, oyunları başdan sona qədər keçirdim. Mən belə düşünürəm. Fikrimcə, pis təsir bağışlamadım. Əlbəttə ki, yenidən yığmaya çağırılacağıma ümid edirəm.
- Növbəti matçlar üçün dəvət nə vaxt olacaq?
- Yəqin ki, növbəti oyunlardan 2 həftə əvvəl.
- Himn səslənərkən oxudunuzmu?
- Xeyr.
- Farer adaları ilə oyun zamanı deyəsən hava soyuq idi...
- Çox soyuq idi, bu, dəlilikdi. Süni örtükdə çıxış etdik. Stadionun ətrafında tikinti sahəsi var idi. Hava isə yağışlı və küləkli idi. Ora fərqli bir dünya idi.
- Amma Bakı isti olardı...
- Bəli. Almaniyadakı kimi, Bakıda hava mülayim idi.
- Oyundan əvvəl, xüsusən də, Azərbaycan mətbuatı sizdən müsahibə almaq istəsə də, hamısını rədd etdiniz. Niyə?
- Oyunöncəsi çox danışmaqdan xoşlanmıram. Bütün diqqətimi matça yönəltməyə çalışdım. Dəvətdən məmnun qaldım və oyunumla mənə olan etimadı doğrultmaq istədim.
- Azərbaycan yığmasının heyətində qol vura bilmədiniz. İndi “Proyssen”in baş məşqçisi “Vyurtsburqer”lə matçda sizdən qol gözləyir. Stress varmı?
- Doğruru. Mən də özümdən bunu gözləyirəm.
- Bəs qol vurmasanız?
- Əgər qələbə qazansaq, hər şey qaydasında olacaq.
Mənbə: Matç