Badmintonçularımızdan daha bir ilk

ESTAFET/ Bəhreynin Madinat-İsa şəhərində badminton üzrə "Bahrain International Series 2018" turnirinə yekun vurulub. Turnirdə iştirak edən badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni uğurlu çıxışla yadda qalıblar.

 

Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Ezmi Qovimuramadhoni yarımfinala kimi məğlubiyyətsiz irəliləyib. 1/2 finala kimi Bəhreyn, Pakistan, İordaniya badmintonçularına qalib gələn Ezmi bu mərhələdə ABŞ təmsilçisi Timoti Lamla qarşılaşıb. 3 set davam edən görüş amerikalı badmintonçunun 2:1 (21-15, 16-21,22-20) hesablı qələbəsi ilə başa çatıb. Mübarizəni yarımfinalda dayandıran Qovimuramadhoni kişilərin şəxsi yarışında bürünc medal qazanıb.

 

Mübarizəyə 1/8 finaldan qoşulan Edi Reski Dviçayo isə yarımfinala kimi İngiltərə və Bəhreyn badmintonçularına qalib gəlib. Yarımfinalda Yaponiya idmançısı Haruki Fukuda üzərində 2:1 (27-25, 13-21, 22-20) hesablı qələbə qazanan Edi finalda ABŞ badmintonçusu Timoti Lamla üz-üzə gəlib. Amerikalı rəqibini 2:0 (21-13,21-13) hesabı ilə məğlub edən Dviçayo "Bahrain International Series 2018" turnirinin qızıl medalını qazanıb.

 

Badmintonçularımız eyni uğuru kişilərin qoşa yarışında da təkrarlayıb. Bu kateqoriya üzrə yarışda mübarizəyə 1/4 finalda başlayan badmintonçularımız finala kimi Bəhreyn və Pakistandan olan həmkarlarına qalib gəliblər. Həlledici görüşdə bəhreynli Adnan və Cəfər İbrahim tandeminə 2:0 (21-15,21-17) hesabı ilə qalib gələn Edi-Ezmi tandemi badmintonçuların qoşa yarışında qızıl medala sahib çıxıb.

 

Beləliklə, ilk dəfə badmintonçularımız beynəlxalq turnirdə ümumilikdə 3 medal qazanıblar. 

Müəllif: Natiq NƏSİROV