Dünya çempionatında finallar başlayır

ESTAFET/ Xəbər verdiyimiz kimi, İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatı keçirilir. Bu gün çempionatın 5-ci yarış günündə fərdi yarışların bürünc və qızıl mükafatları uğrunda həlledici görüşlər keçiriləcək.

 

Təmsilçilərimizdən İrina Zaretska (68 kq) böyüklər arasında, Sahib Əhədov isə para-karateçilərin yarışında ilk qızıl medalını qazanmaq üçün, eləcə də Rafael Ağayev (-75 kq) dünya çempionatının bürünc mükafatı uğrunda tatamiyə çıxacaq.

 

Olimpadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı, para-karateçilərin yarışında isə 33 ölkədən 100 iştirak mübarizəyə qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edir. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb. 

Müəllif: Natiq NƏSİROV