Milli komanda Dubay Premyer Liqasında

ESTAFET/ Azərbaycan karateçiləri 15-17 fevral tarixlərində mövsümün ikinci Premyer Liqa turnirində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə yollanıb.
Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirində 19 idmançımız mübarizə aparacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi etdiyi heyətdə həmçinin kumite üzrə milli komandanın baş məşqçisi Bahəddin Kandaz, böyük məqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyev, kata seçmə komandasının baş məşqçisi Vahid Ayvazov, o cümlədən beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yer alıb.
Karateçilərimizdən Firdovsi Fərzəliyev (-67 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası turnirin ilk günü görüşlərə qatılacaq.
"Dubai Open"-də etəsi gün isə Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), eləcə də Roman Heydərov (kata), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Dubay Premyer liqasında 86 ölkədən 737 karateçi iştirak edəcək. Milli komandamızın çıxışlarından nəticələr federasiyanın saytı vasitəsilə birbaşa mətn reportajı ilə təqdim ediləcək.
