Federasiya prezidenti Dövlət Kreml Sarayında

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Rusiya Döyüş Sənətləri İttifaqının dəvəti ilə fəxri qonaq kimi, Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təntənəli təqdim olunma mərasimində iştirak edib.

Dövlət Kreml Sarayında nüfuzlu təşkilat tərəfindən keçirilən tədbirdə ötən mövsümdə bir sıra nominasiyalarda fərqlənən idmançılar, məşqçilər və digər idman mütəxəssisləri təltif olunub.

Tədbirdə həmçinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik və arzuları səsləndirilib.

Y.Bəşirov tədbir ərəfəsində Rusiyanın döyüş sənətləri sahəsində fərqlənən bir neçə tanınmış veteranına, o cümlədən Rusiya Döyüş Sənətləri İttifaqının İdarə heyətinin üzvü Aleksey Şturminə, təşkilatın İcraçı direktoru Ramin Qadasova, ilk SSRİ çempionları Aleksandr İnşakova və SSRİ seçmə komandasının ilk kapitanı Viktor Xana Azərbaycan Milli Karate Federasiyasının 25 illik yubileyi medalını və fəxri diplom təqdim edib.  

Müəllif: Orxan NOVRUZOV