Emil Balayev Qazaxıstan çempionatının zirvəsində
ESTAFET/ Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdı. Yerli mətbuatın məlumatına görə, "Tobol"un qapıçısı "quru" oyunların sayında əlçatmazdı.
Belə ki, o, cari mövsüm 18 oyunda qapısının toxunulmazlığını qoruya bilib. Bu baxımdan liderlik mövqeyində qərarlaşan 25 yaşlı dəri əlcək sahibinə heç kim çata bilməyəcək. Çünki mövsümün sonuna cəmi bir tur qalıb və bu da onun mövqeyinə təsir etməyəcək. Balayev ümumilikdə 30 görüşdə 21 qol buraxıb.
İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 dəfə topu tordan çıxarmalı olub. İlk "üçlüy"ü "Kayrat"ın qapıçısı Stas Pokatilov qapayır - 13 "quru" oyun, 31 matçda 30 qol.
Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.