Azərbaycan kuboku turnirində mübarizə başlandı
ESTAFET/ Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib. İlk olaraq kişilərdən barət komandalar mübarizəyə qatılıblar. 3 turdan ibarət qrup mərhələsinin ilk oyun günündə, meydançaya əvvəlcə “Təhsil” və “Məhsul” kollektivləri çıxıblar. Azərbaycan çempionatının lideri, kubok turnirində də nahaq yerə favorit sayılmadığını sübut edib. Görüş “Məhsul”un 36:28 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da imkanları yüksək qiymətləndirilən rəqibin qələbəsi ilə nəticələnib. Gənc həndbolçular çox çalışsalar da, “Bakı”nın uğurlu startına mane ola bilməyiblər – 36:20.
Bugündən qadın həndbolçulardan ibarət komandalar kubok uğrunda mübarizəyə başlayacaqlar. İlk turda “Azərsu” “Azəryol”la, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gətiriləcək.