“Yığma da “Neftçi” kimidir”? Arif Əsədov

ESTAFET/ Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov apasport.az saytına müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq: 

- Klublarımız qış hazırlığını demək olar ki, başa vurub. Fasilədə “Neftçi” baş məşqçisi Roberto Bordinlə yollarını ayırdı. Bu addım komandanın xeyrinə, ya ziyanına işləyəcək? 
- Yəqin ki, Bordin komandaya xeyir vermədiyi üçün göndərildi. “Neftçi”də nə qədər irəliləyiş olduğunu, oyununun perspektiv vəd etdiyini desən də, titul qazanmasan çox çətindir. Hər mövsüm mütləq hər hansı adı qazanmalısan. Ən azından kuboku başın üzərinə qaldırmalısan. Bu çox mütəxəssisin başına gəlib. Roberto Bordindən də qabaq tez-tez məşqçi dəyişiklikləri olub. Səbəb də titul qazanmamaq göstərilib. İtaliyalı mütəxəssisə yaxşı vaxt və şans verildi. Klub rəhbərliyinin arxasında da dayandığı da hiss olunurdu. Hər çətinlik yaşandıqda onu dəstəkləyirdilər. Amma son nöqtə bu təlim-məşq toplanışında qoyuldu. Çıxılmaz vəziyyətdə qaldıqları üçün bu addımı atdıqları da görünür. Lakin hər məşqçinin özünün qoyduğu cizgilər olur. Hər halda, Bordin də “Neftçi”də nəsə bacardı. Amma görünür kifayət qədər etmədi.

- İtaliyalı məşqçinin “Neftçi”də titul qazanmamasının səbəbini nədə görürsünüz? 
- Hər ölkənin öz top-komandaları və onların da öz oyun üslubu var. Yəni həmin kluba görə oyunçular seçilir. “Barselona”ya hansı məşqçi də gəlsə, klub ikinci nömrə ilə oynamayacaq. “Neftçi” də daima diktə edən komanda olub. Amma görünürdü ki, Bordin bəzən çəkinirdi, hərdən qalib gəldiyi matçlarda da ikinci varianta keçirdi, müdafiəyəmeyilli oynayırdı. Bunlar da komandanın əksinə işləyirdi və udulacaq oyun da uduzulurdu. Klubun istəyi, azarkeşlərin baxışı var. Hər halda, Bordin “Neftçi”nin oyun üslübunu tuta bilmədi. Əlində olanlar hamısı kreatinlik yaradacaq futbolçulardır. Amma həmin oyunçuların potensialından da nəyəsə nail olmaq üçün istifadə olunmadı.

- Baş məşqçi postu mövsüm sonuna qədər Füzuli Məmmədova tapşırılıb. Sizcə, o, komandanın istəyini həyata keçirə biləcək?
- “Neftçi” klubunun rəhbərliyi, Müşahidə Şurası var. Yəqin ki, onlar vəziyyəti bizdən daha yaxşı görürlər. Çünki klubun içərisindədirlər. “Neftçi”də təsadüfən hansısa qərar verilmir. Füzuli Məmmədov Robert Bordinlə iki ilə yaxın idi ki, komandadaydı və hər bir futbolçunu yaxşı tanıyır. Belə zamanda hər hansı məşqçi gətirsən “komandanı çempion edəcəm” sözünü də verməyəcək. Hamı vaxt istəyəcək. “Neftçi”nin də çempionluq şansı var. Füzuli də komandanın içindədir və hər şeyi daha yaxşı bilir. Ona şans verilib ki, bəlkə dönüş yarandı, hər hansı nəticə qazandı. Bu baxımdan hər şey nəzərə alınaraq Füzuli baş məşqçi təyin edilib. 

- “Neftçi” sonuncu dəfə 6 il öncə sizin rəhbərliyiniz altında çempion olub... 
- Mən əvəzedicilərlə işləyirdim. Daha sonra əsas komandada bir mövsüm Böyükağa Hacıyevin yanında çalışdım. Ardınca məni baş məşqçisi təyin etdilər. Yeni komanda qurduq. Həmin ili də çempion olduq. Məndən sonra da Böyükağa Hacıyev çempionluğa davam etdi.

- Şans verilsə, yenə də “Neftçi”ni çempion etməyi bacararsınız?
- Burada söhbət məndən getmir. Birdən-birə durub deyim ki, mən bacararam? Bu, bir az etik normadan uzaq bir şeydir. Çünki hazırda “Neftçi”nin baş məşqçisi var və ona görə də bu sualınıza cavab verməyə çətinlik çəkirəm. 

- Onda sualı başqa cür verək. Savadlı məşqçi kimi niyə kölgəyə çəkilmisiz? 
- Mən həmişə iddialı komandalarda işləmişəm. Son komandam I divizionda “Sabah” olub. Amma onların da perspektivi olub və mən orada işləməyə başlayanda hara kimi gedəcəyini bilirdim. Sonradan rəhbərlik dəyişdi. Bu məşqçiyə təsirini göstərirdi və komandadan getdim. Hazırda Azərbaycan yığmasının məşqçisiyəm. Heç də kölgədə olduğumu düşünmürəm. Hər bir məşqçi üçün millidə işləmək şərəfdir. Mən bu sahədə təcrübə toplayıram. Nə vaxtsa bizə də baş məşqçi kimi işləmək qismət olar.

- Nikola Yurçeviçlə birlikdə çalışırdız. Bəlkə xorvatiyalının millidəki işinin uğursuz alınınmasının səbəbini açıqlayasız?
- Vaxt azlığı var idi. Seçmə oyunlara qısa müddət qaldıqda təyinat rəsmiləşdi. Yurçeviçin seleksiya üçün elə də çox imkanı olmadı. İşinə rəsmi oyundan başladı və sonadək də belə davam etdi. Nəticə baxımından uğursuzluq oldu. Amma yeni və gənc futbolçuları üzə çıxmasında hansısa irəliləyiş oldu. Gələcəkdə millidə bunun bəhrəsini görə biləcəyik. Sadəcə yığma da “Neftçi” kimidir. Daim gərək nəticə olsun. Bu mənada məşqçilər üçün çətin olur. Yəqin ki, yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. 

- Millidə qalmağınız yeni baş məşqçinin gəlişindən asılı olacaq?
- Marta kimi müqaviləm var. Öz işimi görürəm. Antalyaya yollanmışdım, klubların oyunlarını izlədim. Özüm üçün siyahı tutdum. Hansı məşqçi milliyə gəlsə, heyətlə tanış olmaq istəyəcək və biz də siyahını təqdim edəcəyik. Gələcəkdə necə olacağını görəcəyik.

- Əmir Ağayev, Peyman Babayinin adı tez-tez milli ilə hallanır. Həqiqətən də onların adı siyahınızda var?
- Yurçeviçin vaxtında bu futbolçular, xüsusilə də Əmir Ağayevlə bağlı da fikir mübadiləsi aparılırdı. Onun Azərbaycan pasportu olmasa da, kökü azərbaycanlıdır. Bunu nəzərdən keçirirdik. Sadəcə milliyə çağırılmağı ilə bağlı tam qərar verilmədi. Bu da məşqçinin vaxt azlığı ilə bağlı idi. Amma gələcəkdə necə olacağını görəcəyik. Bütün komandalarımızın Antalyadakı oyunlarına baxdım. Əmir Ağayev də özünü pis tərəfdən göstərmir. Hər şey gələcək baş məşqçidən asılı olacaq. O, özü də bütün oyunları, futbolçuları izləyəcək. Gənc oyunçular arasında namizədlərlə bağlı qərarı da yeni çalışdırıcı verəcək. 

- Rusiya “Spartak”ının futbolçusu Ayaz Quliyev və Türkiyə “Kayserispor”unun üzvü Hasan Hüseyin Acarın milli komandamıza cəlb olunacağı da müzakirə mövzüsudur. Yeni tsikldə onların milli komandada yer alacağını demək olarmı?
- Mən də bunları mətbuatdan oxuyuram. Konkret bu haqda nəsə deyə bilməyəcəm.

Müəllif: Estafet.az