Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı
ESTAFET/ Qadın həndbolçuların Azərbaycan kuboku yarışında ilkin mərhələyə yekun vurulub. Azarkeşlər qrup turnirinin son oyun günündə də maraqlı qarşılaşmalar izləyiblər.
Meydançaya əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. İlk iki oyunu qələbə ilə başa vuran rəqiblərin dueli qrup liderini müəyyənləşdirəcəkdi. Bu baxımdan gərgin mübarizə vəd edən qarşılaşmada “Qarabağ”ın qələbəsinə inananlar yanılmayıblar. Nominal qonaqlar kifayət qədər ciddi müqavimət göstərən rəqibin müqavimətini çətinliklə də olsa qırıblar – 31:28.
Günün digər matçında “Azəryol” “İdman Akademiyası”nı sınağa çəkib. Turnirin aşkar autsayderi ilə oyun favorit üçün elə də çətin alınmayıb. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” oyunu 37:30 hesablı qələbə ilə başa vurub.
Qrup yarışlarının nəticələrinə əsasən, apreldə keçiriləcək yarımfinal oyunlarında “Qarabağ” “İdman Akademiyası” ilə, “Azərsu” “Azəryol” ilə qarşılaşacaq. Kukokun sahibi isə may ayında müəyyənləşəcək.
Xatırladaq ki, kişi həndbolçuların yarımfinal görüşlərində “Məhsul” U-18 komandası ilə, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.