"KİMİ TUTURSAN DÇ MÜKAFATÇISIDI" RÜSTƏM ORUCOV

ESTAFET/ Cüdo reytinqində dünyanın 1 nömrəli cüdoçusu Rüstəm Orucov (73 kq) Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanmaqla seriyada bu il ilk mükafatına sahib olub. Yarışdan sonra Rüstəmin azerijudo.com  saytına verdiyi müsahibəni təqdim edirik.

 

Parisdə beşinci yeri nəzərə alınsa, Bakıda “Böyük dəbilqə” turnirinə, yəqin ki, xüsusi hazırlaşmısınız?

Fransadakı turnir mənim üçün müəyyən mənada ibrət dərsi oldu və göstərdi ki, turnirə əməlli-başlı hazırlaşmaq lazımdır. Çünki Paris turnirindən əvvəl Olimpiadaqabağı olduğu qədər məşq etməmişəm. Fevral ayında keçirilən “Böyük dəbilqə” göstərdi ki, formamı itirirəm. Buna görə də ikiqat səylə məşq etməyə başladım. Bakıdakı yarışdan əvvəl formaya düşməyimə kömək edən yığmanın məşqçisi Fərhad Məmmədova təşəkkür edirəm.

 

Siz yenidən bürünc medal qazanmaqla, ötən il Bakıda keçirilən “Böyük dəbilqə” turnirindəki nəticənizi təkrar etdiniz. Daha yüksək nəticəyə ümid edirdinizmi?

Bütövlükdə, normal mübarizə apardım. Sadəcə, dörddəbir finalda yaponiyalı Riki Nakayyaya uduzmağım ağır təsir bağışladı. Orada bir mübahisəli məqam vardı. Arbitrlər mənim lehimə qiymət verə bilərdilər, amma bunu etmədilər. Buna baxmayaraq, yalnız özümü təqsirləndirməliyəm. Yaponiyalını yerə çırpmağa daha bir cəhd göstərməliydim.

 

Ancaq bürünc medal uğrunda Laşa Şavdatuaşvili ilə görüş gərginliyinə görə finala bərabər idi...

Rəqibimin xüsusi təqdimata ehtiyacı yoxdur: 2012-ci ilin Olimpiya çempionu. Rio-de-Janeyro Olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu. Biz onunla az görüşməmişik, biz-birimizin döyüş üsuluna bələdik. Laşa təhlükəli rəqibdir, amma mən bilirdim ki, bəzən nəfəsi onu pis vəziyyətdə qoyur. Buna görə də gürcünün səhv edəcəyi məqamı gözləyirdim və əlavə vaxtda öz şansımı reallaşdıra bildim.

 

Yəni qələbə düzgün qurulmuş taktikanın nəticəsi idi?

Əlbəttə. Riskə getmək istəmirdim. Bilirdim ki, Şavdatuaşvili yorulanda, daha böyük üstünlük əldə edəcəyəm. Biz pəncələşməyə başlayanda qələbə şansımız bərabər, yəni əlli əlliyə idi. “Golden score”yə yaxın mənim şansım artmağa başladı.

 

-Böyük dəbilqə” turnirindəki bürünc mükafatdan sonra ovqatınız yəqin yüksəlib?

Bəli. Doğrudur, dörddəbir finalda uduzmağım ağır gəldi. Hətta bu emosional fonda bürünc medal uğrunda necə mübarizə aparacağımı bilmirdim. Amma Fərhad Məmmədov məni mübarizəyə ruhlandırdı, ümid verərək dedi: “Qorxulu heç nə olmayıb. Bürünc də medaldır”.

 

Ümumiyyətlə, yeni hazırlıq dövrəsinə başlamaq nə dərəcədə çətindir?

Dörd il ərzində öz çəki dərəcəndə lider olmaq, necə deyərlər, onu əldən buraxmamaq, dünya reytinqinin lideri statusunu saxlamaq çox çətindir. Amma idman mənim işim və həyatımdır. Buna görə də yeni dövrədə lazımi səviyyədə mübarizə aparmaq və Tokioda Olimpiya medalını, daha əvvəl isə dünya çempionatını udmaq üçün mümkün olan hər şeyi edəcəyəm.

 

Yeri gəlmişkən, sizin Hidayət Heydərov kimi güclü motiv yaratmağı bacaran və artıq özünü parlaq şəkildə təsdiq etmiş bir cüdoçunuz var.

Bu ki çox yaxşıdır. Hidayətin mübarizə üsulu mənim xoşuma gəlir, o, çox dözümlüdür. Mən onu ən yaxşı cüdoçuların reytinq cədvəlində də görürəm. Yəqin ki, Heydərov bir-iki il sonra dərəcə cədvəlində ən güclü cüdoçular arasında möhkəm qərarlaşacaq. O, yaxşı çüdoçudur.

 

Görüşə hazırlıq zamanı sizin birlikdə necə məşq etməyiniz diqqəti cəlb edir. Hidayətə məsləhətlərlə kömək edirsiniz?

Bəli. Mikloş Unqvari ilə üçüncü yer uğrunda görüşdən əvvəl ona dedim ki, parterdə bütün gücünü səfərbərliyə alsın. Heydərov macardan güclü idi. Sadəcə, macar çox təcrübəli olduğu üçün ona qalib gəlirdi.

 

Bir il üçün nə kimi planlarınız var?

Artıq bir ay sonra Avropa çempionatı keçiriləcək. IV İslam Həmrəylik Oyunlarında mübarizə aparmağı və medal qazanmağı da çox istəyirəm.

 

Yəqin ki, dünya çempionatında medal boşluğunu doldurmaq istəyirsiniz?

Düşünürəm ki, yaxın illərdə bu boşluğu doldurmaq olar. Yoxsa kiminlə qurşaq tutsan, dünya çempionatının mükafatçısı olduğunu görürsən (gülümsünür). Hələlik isə mundialın mükafatı ilə öyünə bilmərəm. Amma bu, müvəqqəti haldır.