"Bizi Şeydayevlə bağlı narahat edən odur ki..." Arif Əsədov
ESTAFET/ Milli komandamızın italiyalı yeni baş məşqçisi Canni de Byazi avqustda Azərbaycana gələrək bütün məsələləri rəsmiləşdirəndən sonra iş başına keçəcək. Ancaq bunadək millimizin məşqçiləri - onun yerli köməkçiləri olan Arif Əsədovla qapıçılarla işləyən Dmitri Kramarenko boş oturmayaraq, klublarımızın hamısının təlim-məşq toplanışında olduğu Qəbələyə yollanıblar. Onlar həm məşq proseslərini, həm də yoxlama matçlarını izləyirlər. Əsədov Sport24.az-a müsahibəsinə ilkin təəssüratlarını bildirməklə başlayıb.
- Hazırda yorğunluq fonunda oyunlar gedir, çoxlu əvəzləmələr olur. Təbii ki, futbolçular indi optimal formadan uzaqdırlar. Getdikcə daha yaxşı formada olacaqlar.
- Sizi bu uzun müddət futbolsuzluq dönəmində yaxşı mənada təəccübləndirən milli futbolçuları, namizədlər oldu?
- Gəlin, belə deyək ki, konkret adla danışmaq istəməzdik. Ancaq komanda kimi götürəndə, "Qarabağ"dakı futbolçular daha yaxşı vəziyyətdə görünür. Onlar aradakı fasilədə, çempionatın startı ərəfəsində yoxlama matçlarında da belə formada idilər. Çəki baxımından da optimal formadadırlar. Futbolçular neçə aydı məşq etmirlər və bu dönəmdə vacibdi ki, artıq çəkiləri olmasın. Olanda dərhal gözə dəyir, çox futbolçuda bu problem olur. "Neftçi"də də milli üzvləri qənaətbəxş səviyyədədi. Ancaq daha yaxşı kimi "Qarabağ"ı qeyd etmək olar. Ümumi komanda olaraq deyirəm, istəməzdim ki, milli futbolçularını ayırım. Bir çox namizədlər var. İndidən demək olmaz ki, konkret bunlar milliyə dəvət olunacaq.
- İndiki çətin dönəmdə milliyə yeni namizəd çıxa bilərmi?
- Təbii ki, var. Özü də simalar bir yox, bir neçədi. Baş məşqçi Azərbaycana gələndən sonra onların adlarını təqdim edəcəyik.
- Bunlar nə vaxtsa milliyə dəvət alıblar?
- Millidə olmayanlardı. Əsas yığmaya ən yaxın komanda hansıdı - U-21. Ordan gələnlərdi, oyunuyla gözə çarpanlardı. Ən vacibi odur ki, öz klubunda əsas heyətdə oynasın.
- Onu da nəzərə alaq ki, U-21-in də sentyabrda rəsmi oyunu var, özü də qrup lideri Fransaya qarşı. Onları həmin vaxt cəlb edə biləcəksiniz?
- U-21-dən də var, ora namizəd olmayanlardan da. Yəni, qarışıqdı. Elə futbolçular var ki, gəncdilər, sadəcə, yaşlarına görə artıq U-21-ə düşmürlər. Ancaq özlərini yaxşı tərəfdən göstərirdilər. Çempionat gedən vaxtı da adları qeyd olunmuşdu, indi də baxıram. Təbii ki, diqqət mərkəzimizdədilər.
- Qəbələdə neçə matç izləmisiniz?
- Üç oyun - "Qarabağ" - "Sabah", "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt".
- Gəlin, oyunları bir-bir nəzərdən keçirək. Bizə həm matçlarə canlandırın, həm də milli üzvlərinə qiymət verin. "Sabah" ispaniyalı yeni baş məşqçisi Visente Qomes gələr-gəlməz "Qarabağ" üzərində əzmkar qələbəsi nəyin nəticəsi idi?
- Düşünürəm ki, komandalar ilk hissədə optimal heyəti meydana buraxmışdılar. "Qarabağ" fasiləyədək hesabda 1:0 irəlidə idi. oyuna daha çox nəzarət edirdi, öyrəşdiyimiz hücumları edirdi, qol imkanları var idi. "Sabah"da hiss olunurdu ki, o yorğunluq fonunda futbolçulara bir az ağırdı, yükləmələr olduğu görünürdü. Bu da gündə 2 dəfə məşqin nəticəsidi. İkinci hissədə dəyişikliklər oldu - "Sabah"ın heyəti demək olar tam dəyişdi, "Qarabağ"da isə 70-80 faiz. Əsasən gənc futbolçular meydana buraxıldı, xüsusilə müdafiəyə. Arxa xətdə təcrübəlilərdən yalnız Maksim Medvedev meydanda qaldı. Nəticədə fasilədən sonra oyun bərabərləşdi, artıq "Sabah" daha istəkli görünürdü və yekunda qalib gəldi. Məncə, yoxlama oyunu göstərici deyil. Nəticə o demək deyil ki, "Sabah" bir baş üstün oldu. Onu deyə bilərəm ki, bu komandada yeni baş məşqçinin taktiki sistemi görünürdü. Hiss olunurdu ki, az bir vaxtda nəyəsə nail olub.
- Qələbə topuna milli üzvü Təmkin Xəlilzadə imza atdı. Onda artıq çəki və ya digər problem yox idi?
- Yox-yox. İkinci hissədə Təmkin də oynadı, Coşqun Diniyev də. Meydanda təcrübəlilərdən bu ikisiydi, demək olar oyunu idarə edənlər də onlar idi.
- "Sabah"da millimizin əsas qol ümidi olan Ramil Şeydayev yer alıb. O, klubun düşərgəsində olsa da, hələ yeni müqavilə imzalamayıb. Ramillə görüşə bildinizmi? Onun klub karyerası ilə bağlı düşüncələri nədi?
- Ramillə görüşdüm, oyununa da baxdım. "Qarabağ"la matçda bir hissə oynadı, yüngül bir zədə də aldı. Ancaq bizi onunla bağlı narahat edən odur ki, klub Şeydayevi daha çox sol cinah yarımmüdafiəçisi kimi istifadə edir. Çünki bildiyiniz kimi, millidə də ən güclü cəhəti mərkəz hücumçusu kimi çıxış edəndədi. Futbolçu da öz yerində oynamaynda, istər-istəməz istədiyini ala bilmir, biz də görə bilmirik. Yəqin ki, özü də mərkəz hücumçusu kimi daha rahat hiss edir. İnanmıram ki, yarımmüdafiənin cinahında özünü rahat hiss etsin.
- Millidə də Ramili həmin mövqedə keçmiş baş məşqçiniz Nikola Yurçeviçin vaxtında oynatmısınız, ancaq bu, istənilən effekti verməyib...
- Bəzən məcburiyyətdən olanda, hə, keçə bilər yarımmüdafiənin cinahına. Ancaq "Sabah"ın baş məşqçisi onu daim orda düşünərək istifadə etsə, bu, gələcəkdə oyununa təsir edə bilər.
- Həmin ispan həmkarınız futbolçunu klubunda istədiyi mövqedə oynaya bilər. Milli prizmasından yanaşsaq, Ramilin mövqeyilə bağlı onunla söhbətə zərurət varmı?
- Ona artıq millimizin baş məşqçisi gələndə baxacağıq. Bütün detallar onun səlahiyyətindədi. Təbii ki, bütün futbolçuların oyununa baxacaq. Biz də oyunçular barədə xarakteristika verəndə, detalları deyəcəyik. Təbii ki, müdaxilə olmaz, hansısa fikri varsa, baş məşqçi bildirə bilər. Futbolçunun özüylə də danışandan sonra. Ramilin fiziki durumu da yaxşı görünürdü - nə artıq çəkisi vardı. nə də bir şey. O çalışqanlığı Şeydayevdən ala bilməzsən.
- Rəşad Sadıqov artıq futbolçu karyerasını bitirib və "Zirə"nin yeni baş məşqçisidi. O da komandasına xeyli yerli futbolçu cəlb edib, aralarında gənclər də var. "Qəbələ"yə qarşı necə təsir bağışladılar?
- Hazırda heyətdə problemlər görünür -"Zirə"də də, "Qəbələ"də də. Görünür ki, heyət hələ tam komplekləşməyib. Amma "Zirə"də istəyin, dəyişiklərin yaxşıya doğru, yaxşı atmosfer olduğu görünürdü. Oyun planında da bəzi cizgilər var idi. Artıq fərqli oyun diqqət çəkirdi. Keçənilki "Zirə"dən fərqli indi başqa bir oyun üslubuna keçidlər var idi. Ancaq təbii ki, qısa müddətdə hər şeyə nail olmaq olmur. Bir müddətdən, o cizgiləri tam təkmilləşdirəndən sonra yəqin ki, başqa bir "Zirə"ni görə bilərik. "Qəbələ"də isə çoxu gənc futbolçulardı, problemlər görünürdü. Daha çox yerli oyunçular nəzərə çarpırdı. Akademiyanın yetirmələrini nəzərə tuturam ki, bu da alqışalayiqdi. Klub artıq bu yolu tutub və bu zaman həmin gənc oyunçular yetişirlər, "bərkiyirlər".
- Nəhayət, Avroliqa təmsilçilərinin qarşılaşmasına da toxunaq. "Neftçi" "Sumqayıt"ı 3:0 hesabıyla məğlub edir. "Neftçi" belə güclənib, yoxsa "Sumqayıt" belə zəifləyib?
- Burda qüvvələr nisbətində fərq vardı. "Sumqayıt"ı bir çox futbolçu tərk edib və bu da özünü göstərir. Üstəlik, bu komandanın təlim-məşq toplanışına gec başlaması. Görünürdü ki, "Sumqayıt" hazır deyil - həm fiziki, həm də ümumi komanda şəklində hələ komplektləşməyib. Ancaq "Neftçi"də hiss olunur ki, ustalıq səviyyəsi var və hazırlığa daha tez başlayıb. Qolları vuran Mirabdulla Abbasovla Namiq Əlsəgərov pis təsir bağışlamadılar. Tam optimal formada olmasalar da, bu dönəmdə pis deyildilər.
- Bakıya nə vaxta qayıtmağı planlaşdırırsınız?
- Daha 3 matça baxacağıq - 30-da "Sumqayıt" - "Sabah", 31-də "Qəbələ" - "Səbail" və "Qarabağ" - "Neftçi" görüşlərinə. Aqqustun 1-də isə Bakıya qayıdacağıq. Onu da deyim ki, oyunlar olmayan günlərdə də hər gün məşqlərdə iştirak edirik, görüşlərimiz olur. Millinin təlim-məşq toplanışı stabillik yaranandan sonra buna uyğun reallaşacaq. Baş məşqçi gələndən sonra qarşıdakı 1 ayda gərgin iş qrafikində çalışacağıq, klubları, futbolçuları daha yaxından tanıması istiqamətində hərəkət edəcəyik.