“Qalatasaray” Azərbaycan klubunu büdrətdi
ESTAFET/ Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu təlim-məşq toplanışı üçün Bakını tərk edib. Paytaxt təmsilçisi yeni mövsümün hazırlığını Türkiyədə keçir.
Famil Ağayevin rəhbərlik etdiyi kollektiv toplanış ərəfəsində beynəlxalq turnirdə də qüvvəsini sınayır. İstanbulda təşkil edilən yarışa 6 klub qatılıb.
Komandamız püşkün nəticəsinə əsasən, A qrupunda oynayır. Voleybolçularımız ilk turda “Qalatasaray”la üz-üzə gəlib. “Sarı-qırmızılar” təmsilçimizə şans verməyiblər – 3:0 (25:15, 25:18, 25:17). “Azərreyl” qrupda sonuncu görüşünü “PTT Spor”a qarşı keçirəcək.
B qrupunda isə turnirin təşkilatçısı “Sarıyer Bələdiyyəspor”, “Çan Genclik Kale Spor” və “Kuzeyboru” voleybolçuları güclərini yoxlayırlar. Reqlamentə görə, “üçlük”də ilk pillənin sahibləri final oynayacaqlar. İkinci yeri tutacaq komandalar yarışın 3-cüsünü müəyyənləşdirəcəklər. “Azərreyl” startda “quru hesabla” uduzduğundan çempionluq şansını böyük ehtimalla itirib.
Qeyd edək ki, “Sarıyer Bələdiyyəspor”da Azərbaycan millisinin iki voleybolçusu oynayır. Komandamızın blokçusu və kapitanı Ayşən Abduləzimova, həmçinin hücumçu Nikalina Başnakova Türkiyə klubunun formasını geyinir.