XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT GƏNCƏDƏ

ESTAFET/ “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Gəncə şəhəri olub.

 

Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Göygöl ətrafında tədbir keçirildi. Göygöl Azərbaycanın ən gözəl göllərindən biridir. Murovdağın ətəklərində yerləşən bu göl Göygöl Milli Parkının ərazisinə düşür. Burada bölgənin sub-alp ekosistemi qorunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq, Ağsu çayının qarşısını kəsib bu gölü yaratmışdır.

 

Su mərasimi, piano və skripka həvəskarı Aysu Salahova, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi.

 

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Gəncə şəhər Olimpiya İdman kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının Ulduz Səfiri Tünzalə Ağayeva da iştirak etdi.


Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam etdi.