Rəhimova seçkilərdə uğursuzluqla üzləşib
ESTAFET/ Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Atletlər Komissiyasına seçkilərin nəticələri açıqlanıb. 2024-cü ilədək komissiyada təmsil olunmağa 16 namizəddən beşi üzv seçilib.
Qadınlardan ibarət Azərbaycan millisinin sabiq hücumçusu Polina Rəhimova seçkilərdə uğursuzluqla üzləşib. Milliləşən legioner 452 respondentdən yalnız 18-nin səsini toplayıb. Polina 3,98 faiz səslə 6 qadın voleybolçu arasında sonuncu yeri tutub.
Qadınlar arasında ən çox – 37,17 faiz səs yığan Cordan Larson (ABŞ) komissiyaya üzv olub. Kişi voleybolunda Samuele Papi (İtaliya), qadınların çimərlik voleybolunda Madeleyn Meppelink (Niderland), Coşua Binstok (Kanada) də komissiyaya üzv olub.
5-ci üzv adına açıq səsvermədə Anuk Verge-Depre (İsveçrə) sahib olub. Burada 348 səsdən yalnız 3-nü toplayan Polina 0,86 faizlik göstərici ilə 16 nəfər arasında sonuncu olub.
Qeyd edək ki, 10 nəfərdən ibarət olan Atletlər Komissiyasında 5 üzv səsvermə ilə müəyyənləşirsə, digər 5 nəfəri FIVB prezidenti təyin edəcək.