Boks Krakov 2023-ün proqramına daxil edilib
ESTAFET/ Boks idman növü Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib. Bununla bağlı Avropa Olimpiya Komitəsi və təşkilatçılar qərar veriblər.
Boksçular əvvəlki Avropa Oyunlarında da mübarizə aparıblar. 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə bu idman növü üzrə mükafatçılar bəlli olub.
Bununla da Krakov-2023-də idman növlərinin sayı 8-ə çatıb. Daha öncə badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük, atıcılıq və taekvondo proqrama daxil olunub. Digər növlərlə bağlı yaxın müddətdə yekun qərar veriləcək.
Qeyd edək ki, Azərbaycan boksçuları Bakı-2015-də 11 (6-1-4), Minsk-2019-da 2 (1-0-1) medal qazanıblar.