Millimiz üçün münasib “6-lıq”

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan millisi növbəti oyununda Qətərlə qarşılaşacaq. Asiya təmsilçisi yığmamız üçün asan rəqiblər sırasındadır.

Söhbət komandamızın heç vaxt uduzmadığı yığmalardan gedir. Millimiz indiyədək qarşılaşdığı rəqiblərdən 19-na məğlub olmayıb.

Lakin onlardan 8-i ilə yalnız bir qarşılaşma baş tutub. Digər 11 rəqib isə ən azı 2 dəfə görüşüb uduzmadığımız münasib komandalar hesab olunur. Bir dəfə 2:1 hesabı ilə qalib gəldiyimiz və bir qarşılaşmada sülhə (1:1) imza atdığımız Qətər yığması hələlik münasib rəqib sayılır. Millimiz bu gün də asiyalılara uduzmasa onlar ən azı 3 matçda məğlub olmadığımız 7-ci komanda olacaq. Hələlik belə rəqiblərin sayı 6-dır.

Andorra – 5
“Cırtdan”ları udmaq millimiz üçün asan olmasa da, məğlub da olmamışıq. Yalnız bir qələbəsi olan yığmamız 4 dəfə heç-heçə edib.

Qırğızıstan – 4
Millimiz futbol ölkəsi hesab edilməyən asiyalılarla yalnız bir dəfə büdrəyərək heç-heçə edib. Digər üç qarşılaşmada isə qələbə yığmamızın tərəfində olub.

Latviya – 4
Son illər enişdə olan Baltikyanı ölkə təmsilçisi üzərində yalnız bir qələbəmiz var. Digər üç matçda isə sülh qeydə alınıb.

Bəhreyn – 3
Asiyalılarla daha yaxşı oynayan millimiz üçün ən münasib rəqib. Futbolçularımız bu komanda ilə keçirdiyi hər üç qarşılaşmadan qalib ayrılıb.

Farer adaları – 3
Şimallılar Avropadakı ən asan rəqibimiz sayılır. Yığmamız hər üç görüşdə ada təmsilçisi üzərində qələbə qazanıb ki, bunlardan da ikisi rəsmi turnirə - Millətlər Liqasına təsadüf edib.

Kipr – 3
Siyahıdakı daha bir Avropa təmsilçisi. İki qələbə və bir heç-heçəmiz olan bu rəqibdən Millətlər Liqasında 4 xal almağı bacarıb. (apasport.az)

Müəllif: Natiq NƏSİROV