Stoykoviç Azərbaycanla oyunda rotasiya edəcək

ESTAFET/ DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçda Serbiya millisinin heyətində daha bir neçə dəyişiklik olacaq. Serbiya mətbuatının məlumatına görə, baş məşqçi Draqan Stoykoviç narazı qaldığı mövqelərdə rotasiya etməyi planlaşdırır.
Komandanın İrlandiya (3:2) və Portuqaliya (2:2) ilə qarşılaşmalarda ümumilikdə 4 top buraxması müdafiə xəttində dəyişiklikləri qaçılmaz edir. Nikola Milenkoviçin də cəzalı duruma düşməsi müdafiənin mərkəzi ilə bağlı çalışdırıcını narahat edir. İlk iki görüşdə 3-5-2-yə üstünlük verən Stoykoviçin Bakıda 4-4-2 sistemini seçməsi gözlənilir. Buna əsasən müdafiənin mərkəzində Stefan Mitroviç və Straxinya Pavloviçin yer alması ehtimal olunur. Baş məşqçi həmçinin Filip Mladenoviçə sol, Milan Qayiçə isə sağ cinahda şans verməyi düşünür.
Hətta Portuqaliya ilə görüşü zəif keçirən qapıçı Marko Dmitroviçin ehtiyatda qalması, çərçivəni çərçivəyə Predraq Raykoviçin keçməsi istisna edilmir. Həmkarlarımızın iddiasına görə, Stoykoviç yarımmüdafiə və hücum xəttindəki futbolçularla bağlı ciddi dəyişiklik planlaşdırmır.
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyunu saat 20:00-da başlayacaq.
