İsveç tarixin ən yaşlı futbolçuları

ESTAFET/ DÇ-2022-nin seçmə mərhələsində Gürcüstanla qarşılaşmada İsveç yığmasına dönüşünü qeyd edən Zlatan İbrahimoviç 1737 gündən sonra yığmanın formasını geyinib. Bununla veteran forvard millinin ən yaşlı oyunçusu ünvanına yiyələnib.

Maraqlıdır, İbra yığmada kimin rekordunu yeniləyib? Bu yazıda İsveç yığmasında oynayan ən yaşlı futbolçuları təqdim edəcəyik.

1. Zlatan İbrahimoviç: 39 il, 5 ay, 22 gün
İbra bu siyahıya artıq liderlik edir. Ancaq o, İsveç yığmasının heyətində ən çox oyun keçirən futbolçu deyil. Milli forma altında vurduğu 62 qolla hamını qabaqlayan “Milan”ın forvardı 117 dəfə meydana çıxıb ki, bu göstərici yalnız 6-cı yerdə qərarlaşmasına kömək edir.

2. Tomas Ravelli: 38 il, 1 ay, 28 gün
Ravelli 143 görüşdə yığmanın qapısını qoruyub. İsveç millisində ən çox oyun keçirən ikinci futbolçu ünvanına sahibdir. Karyerası, demək olar ki, ölkəsində keçirib. Son matçı 1997-ci il oktyabrın 11-də Estoniya ilə görüşə (1:0) təsadüf edib.

3. Henrik Larsson: 38 il, 20 gün
İsveçin unudulmaz futbolçularından olan Larsson 38 yaşına qədər milliyə lazım olub. Onun vida matçında Danimarka İsveç üzərində 1:0 hesablı qələbə qazanıb.

4. Qunnar Qrin: 37 il, 7 ay, 29 gün
“Milan”ın əfsanəvi futbolçusu 1958-ci ildəki dünya çempionatının final oyunundan sonra milli karyerasını başa vurub. Braziliyanın 5:2 hesabı ilə qalib gəldiyi həlledici matçda İsveçin qollarından birinin müəllifi olub. Bu sayədə hələ də dünya çempionatları tarixinin ən yaşlı qolçusu ünvanına sahibdir.

5. Ake Yohansson: 37 il, 6 ay, 7 gün
1965-ci il sentyabrın 26-da Almaniya ilə keçirilən oyun onun vida matçı olub. Həmin qarşılaşmada almanlar rəqibi 2:1 hesabı ilə məğlub edib.

6. Henninq Brost: 37 il, 4 ay, 4 gün
Bu futbolçu ilə bağlı internetdə o qədər də çox məlumat yoxdur. Araşdırmaya əsasən, Brost da Almaniya ilə qarşılaşmadan sonra yığmadan gedib. Həmin oyun isə 1926-cı ildə baş tutub və 3:3 hesabı ilə nəticələnib.

7. Anders Svensson: 37 il, 4 ay, 2 gün
Svensson Avropada millinin heyətində ən çox oyun keçirən 8-ci oyunçudur. Svensson karyerasını 2015-ci ildə başa vurub. 2013-cü ilin noyabrında komanda Portuqaliyaya uduzaraq DÇ-2014-ə yollanmaq şansını əldən verincə, o da yığmadan ayrılmaq qərarına gəlib. (apasport.az)

Müəllif: Estafet.az