İlk gündə lisensiya olmadı

ESTAFET/ Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri start götürüb. İlk yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. Təcrübəli güləşçimiz daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Monqolustan idmançısına məğlub olan Edişeraşvili Olimpiadaya lisenziya qazana bilməyib.

Abubakr Abakarov debütdə İstail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Gürcüstan pəhləvanını tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb. Lakin finala gedən yol onun üçün uğursuz alınıb. 4:0 hesabı ilə öndə güləşçimiz üstünlüyü əldən verib. Abubakr sonuncu xal prinsipinə əsasən bu dəfə özü uduzub və Olimpiadaya vəsiqə şansını əldən verib. 

Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispaniyalı idmançını vaxtından əvvəl üstələyib. Ancaq daha sonra Venesueladan olan həmkarına uduzub.

57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan) 4:0
1/8 final: Georgi Edişeraşvili - Məhəmməd Bilal (Pakistan) 6:2
1/4 final: Georgi Edişeraşvili - Məhəmməd İkramov (Tacikistan) 11:4
1/2 final: Georgi Edişeraşvili - Bexbayar Erdenebat (Monqolustan) - 2:6

86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail) 8:1
1/8 final: Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) 14:3
1/4 final: Abubakr Abakarov - Azamat Dauletbekov (Qazaxıstan) *2:2
1/2 final: Abubakr Abakarov - Boris Makoyev (Slovakiya) - 4:4*

125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya) 10:0
1/4 final: Vahid Qalayev - Xose Dias Robertti (Venesuela) 3:3*

Qeyd edək ki, yarışda finala vəsiqə qazanacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Sərbəst güləş üzrə millimizin heyətində Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) Olimpiadada iştiraklarını artıq təmin ediblər. 

Müəllif: Natiq NƏSİROV