BŞH yarış öncəsi media üçün seminar keçirib
ESTAFET/ Bugün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.
Seminarda 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və COVİD-19 qaydaları haqqında məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2022-ci il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.
Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq. Artıq 6-cı olan olan bu yarış ötən ildən fərqli olaraq tamaşaçıların iştirakı ilə keçiriləcək.