Azərbaycan İdman Akademiyasında adaptiv idman üzrə praktiki təlim keçirildi

Azərbaycan İdman Akademiyasında (ASA) “İdmanda inklüzivlik” mövzusunda adaptiv idman üzrə praktiki təlim təşkil olunub.

Təlim Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və ölkəmizin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutub.

ASA-nın təşəbbüsü və “DanceAbility Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə təşkil edilən praktiki təlimdə adaptiv idman növləri nümayiş etdirilib, inklüziv yanaşmaların tətbiqi, eləcə də şəhər mühitində əlilliyi olan şəxslər üçün idman infrastrukturunun əlçatanlığı mövzularında video təqdimatlar edilib. ASA-nın “Adaptiv bədən tərbiyəsi” ixtisası üzrə təhsil alan tələbələr təlim prosesinə cəlb olunublar. Onlar adaptiv idman metodları ilə praktiki şəkildə tanış olaraq bu sahədə peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Daha sonra BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə WUF13 çərçivəsində həyata keçirilən təşəbbüslər haqqında məlumat verib.

Sonda iştirakçılara hədiyyələr təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV