Yeni beynəlxalq reqata ətrafında müzakirələr

ESTAFET/ Cari ilin 15 avqust tarixində Azərbaycan Yelkənli İdman Federasiyasında Rusiya Coğrafiya Cəmiyyəti ilə birgə görüş keçirilmişdir.

 

Görüşdə Azərbaycan Yelkənli İdman Federasiyasının vitse-prezidenti Aydın Kərimov, Federasiyanın Baş Katibi Əhməd İsmayılov, Rusiya Coğrafiya Cəmiyyətinin təşəbbüs qrupunun rəhbəri Cavid Zamanov, o cümlədən Rus Coğrafiya Cəmiyyətinin prezidentinin Beynəlxalq məsələlərə dair müşaviri Sergey Katikov və digər rəsmilər iştirak etmişlər.

 

Görüş zamanı Rus Coğrafiya Cəmiyyəti tərəfindən görülmüş işlər, başlıca prioritet istiqamətlər və həyata keçirilmiş layihələr barədə məlumat verilmiş, eləcə də Rusiya, Azərbaycan və Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılmışdır.

 

Eyni zamanda, Federasiyanın vitse-prezidenti A.Kərimov tərəfindən yelkənli idman növünün Respublikamızda inkişafı barədə məlumat verilmiş və qonaqlara Azərbaycan Yelkənli İdman Federasiyasının “Küləklər Şəhərinin Yelkən Ruhu” adlı Sənədli filmi nümayiş etdirilmişdir.

 

Bununla yanaşı, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və yelkənli idman növünün inkişafına töhfə vermək məqsədi ilə Rusiya, Azərbaycan və Xəzəryanı ölkələrin yelkənçilərinin iştirakı ilə Həştərxan (Rusiya) - Bakı (Azərbaycan) marşrutu üzrə “Xəzər-dostluq dənizi” adlı ilk Beynəlxalq reqatanın təşkil olunması ətrafında müzakirələr aparılmışdır.

 

Qeyd olunmalıdır ki, gənc nəslin bu idman növünə cəlb olunması, idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda iştirakı, qısa zaman kəsiyi ərzində Respublikamızda yelkənli idman növünün inkişafı istiqamətində Azərbaycan Yelkənli İdman Federasiyasının gördüyü işlər Rus Coğrafiya Cəmiyyətinin rəsmiləri tərəfindən yüksək qiymətləndirilmişdir. 

 

Mənbə: sailing.az

Müəllif: Natiq NƏSİROV