"Qalatasaray" da "Akhisarspor"la bacarmadı
ESTAFET/ Bu gecə futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. Yeni mövsümün başlamasına az qalmış keçirilən qarşılaşmada son çempion "Qalatasaray" və ölkə kubokunun sahibi "Akhisarspor" qarşılaşıb.
Oyunda hesabı ilk hissədə akhisarlılar açıblar. Lakin istanbullular ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıblar. Oyun bu hesabla başa çatdığından əlavə vaxt oynanılıb. Burada da qalibi müəyyən etmək mümkün olmadığından penalti seriyasına ehtiyac duyulub.
Daha dəqiq olan akhisarlılar mövsümə Kubokla və əla motivasiya ilə başlayıblar. "Aslanlar"ın heyətində Qomis sonuncu penaltini dəqiq yerinə yetirə bilməyib - qapıçı Fatih zərbənin istiqamətini doğru müəyyən edə bilib.
Qeyd edək ki, bu, akhisarlıların ilk belə uğurudu. “Akhisarspor” ümumiyyətlə ilk dəfə Super Kubok uğrunda matça çıxırdı. “Qalatasaray” isə 9-cu dəfə Super Kubok görüşündən məğlub ayrıldı. Baxmayaraq ki, Türkiyə Super Kubokunun ən çox qalibi olan klub da məhz İstanbul təmsilçisidi – 15 dəfə.
Bu oyun həm də tarixi bir məqamla yaddaqalan olub. Belə ki, Türkiyə futbolu tarixində ilk dəfə videotəkrar sistemindən (VAR) istifadə edilib.