"İstədik ki, bütün diqqət baş məşqçidə olsun": Elxan Məmmədov
ESTAFET/ AFFA rəhbərliyi millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin qarşısına qoyduğu məqsədi açıqlayıb. Bu haqda qurumun baş katibi Elxan Məmmədov "CBC Sport"da canlı yayımlanan "Təkbətək" verilişində deyib.
O bildirib ki, xorvat mütəxəssisin qarşısına AVRO-2020-nin final mərhələsinə düşmək vəzifəsi qoyulub: "Düzdür, buna nail olmaq çətindi. Amma məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdı. Bu turnirin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Biz də orada iştirak etmək istəyirik. Düzdür, etiraf etməliyik ki, millinin baş məşqçisi ilə bağlı qərar bir az gec oldu. Milli komandaya baş məşqçi təyinatı yanvar ayında baş tutsaydı, daha yaxşı olardı. Yığma təlim-məşq toplanışı keçirə bilərdi. Yurçeviçi danışıqlar üçün iş gününə uyğun olaraq həftə içi Bakıya dəvət etmişdik. Ancaq xorvatiyalı mütəxəssisin həftəsonu oyunları izləməyə görə cümə günü gəlmək istədi. Bu da bizim üçün müsbət mesaj oldu".
Baş katib Yurçeviçin təqdimat mərasimində iştirak etməməsinə də aydınlıq gətirib: "İcraiyyə Komitəsinin qərarından sonra növbəti gün Yurçeviçin təqdimatı oldu. Mənim və ya AFFA rəhbərliyinin təqdimatda iştirakı o deməkdir ki, artıq bütün suallar milli komanda ilə bağlı deyil, digər məsələlərə aid olacaq. Biz də bütün tədbirlərdə brifinqlərdə mütəmadi olaraq bu sualları cavablandırırıq. Ona görə istədik ki, bütün diqqət baş məşqçidə olsun".
Qeyd edək ki, növbəti qitə birinciliyinin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Mənbə: Sport24