“Beşiktaş” baş məşqçisini qovdu
ESTAFET/ Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcını istefaya göndərib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda klubun idarə heyətinin keçirdiyi iclasdan sonra baş məşqçi ilə müqavilənin ləğvinə qərar verildiyi bildirilib. Avcıya xidmətlərinə görə təşəkkür edən klub rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Avcı “Beşiktaş”a 239 gün öncə, 2019-cu ilin iyun ayının 1-də klubun əvvəlki prezidenti Fikret Ormanın dönəmində baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda həm Avropa Liqasında qrupda qaldı, həm də Super Liqa və Türkiyə kubokunda uğursuz nəticələrə imza atmaqdadı. İstanbul klubu Avcı ilə 28 oyuna çıxıb, cəmi 11 qələbə qazandığı halda, 3 heç-heçəyə razılaşıb, 14 məğlubiyyətə üzülüb.
Türkiyə Super Liqasında 18 oyuna 30 xal toplayan “Beşiktaş” hazırda 7-ci pillədə qərarlaşıb.
Yerli mətbuatın iddiasına görə, “Beşiktaş”ın yeni baş məşqçisi olmağa əsas namizəd bu komandanın əfsanəvi futbolçularından biri Sergen Yalçındı.