2023-cü ildə Avropa Badminton Konfederasiyasının konqresi Bakıda keçiriləcək

ESTAFET/ Maltanın paytaxtı Valetta şəhərində keçirilən Avropa Badminton Konfederasiyasının illik iclası başa çatıb. Konqresdə ABF prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak edib.
2 gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. Böyük qürur və sevinc hissi ilə bildiririk ki, Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək. Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib. Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyalarının prezidentləri ölkəmizə səfər edəcək.
Azərbaycan Badminton Federasiyası olaraq 2023-cü ildə ölkəmizdə təşkil olunacaq qitənin ali badminton qurumunun konqresinin Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının ümumi fəaliyyətində fəal iştirak etməklə yanaşı qarşılıqlı əməkdaşlığa töhfə verəcəyinə inanırıq.
Avropa badminton ailəsinin əhəmiyyətli tərəfdaşı olaraq ümidvarıq ki, Avropa Badminton Konfederasiyasının Bakıda baş tutacaq 56-cı konqresi ölkəmizdə təşkil edilən digər nüfuzlu idman tədbirləri kimi ən yüksək səviyyədə keçiriləcək.
