Azərbaycan Basketbol Federasiyası hesabat verdi
ESTAFET/ Bu gün Azərbaycan Basketbol Federasiyası son 5 ay ərzində görülmüş işlərlə bağlı hesabat verib, qarşıda nəzərdə tutulan mühüm layihələr, atılacaq addımlar haqqında ictimaiyyəti məlumatlandırdı. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, eləcə də digər rəsmilər və ali təhsil ocaqlarının rektorları iştirak edirdilər.Tədbirdə Emin Əmrullayev federasiyaya prezident seçildiyi 2021-ci ilin 14 dekabr tarixindən ötən dövr ərzində idmanın basketbol növündə görülən işlər, qarşıda duran planlar haqqında məlumat verdi.
4 aylıq seleksiya işlərinin yekunları barədə məlumat verildi və bildirildi ki, fevral ayının əvvəlindən yerli mütəxəssislərin köməyi ilə ölkə üzrə 6 zonada seminarlar keçirilib. Əsas məqsəd 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında Regional Çempionatların təşkili üçün zonanın bütün bədən tərbiyəsi müəllimlərini təlimatlandırmaq və onları bu prosesə hazırlamaq olub. Seminarların ardından bütün ölkə üzrə Regional Çempionatlar keçirilib. Ümumilikdə yarışlarda 1416 komanda iştirak edib. Bunlardan 891-i oğlanlardan, 525-i qızlardan ibarət komandalar olub. İştirakçı uşaqların sayı 8038-i oğlan, 4687-i qız olmaqla, ümumilikdə 12725 nəfər olub. Burada əsas məqsəd olaraq uşaqlar arasında basketbola sevgini artırmaq və 6 ildən sonra peşəkar basketbolçuya çevrilmək potensialı olan 200-300 nəfər oğlan və qızları tapmaq qoyulub. Ümumilikdə 779 nəfər seçilmişdir. Onlardan 420-si qız, 359-u oğlandır.
Növbəti mövsümdən etibarən isə ümumilikdə 6 liqa üzrə müntəzəm çempionat keçiriləcək. Oyunlar hər şənbə və bazar günləri öncədən müəyyən edilmiş konkret ünvan-məkanda keçiriləcək. Yəni liqaların hər biri üçün biri olmaqla, ümumilikdə 6 fərqli məkan olacaq.
- U-12 Liqası üçün 1 məkan
- U-14 Liqası üçün 1 məkan
- U-16 Liqası üçün 1 məkan
- Özəl Məktəblər Liqası üçün 1 məkan
- Universitet Liqası üçün 1 məkan
- Azərbaycan Super Liqası üçün 1 məkan
Daha sonra basketbol üzrə həm kişilərdən, həm də gənclərdən ibarət milli komandamızın gündə iki dəfə olmaqla məşq prosesi və fevral ayından etibarən xarici ölkələrdə hər iki komanda üçün təlim-məşq toplanışıları, çoxsaylı yoxlama oyunlarının təşkil olunması barədə tədbir iştirakçılarına məlumat verildi.