Anna Başta Paris-2024 olimpiadasına vəsiqə qazandı
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Parisdə keçiriləcək yay olimpiya oyunlarında iştirak edəcək. Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycana qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında "Paris-2024"də iştirak hüququ verən "universal lisenziya" göndərib. Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Bu ölkəmizin təmsil olunacağı ardıcıl 4-cü, ümumilikdə isə 5-ci olimpiada olacaq. Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.
Bu qərar, ölkəmizdə son illərdə qılıncoynatmada müşahidə olunan inkişafın genişlənməsinə impuls verəcək və dünya birinciliklərinin gümüş və bürünc medalçısı Zərifə Hüseynovanın timsalında yeni nəsil qılıncoynadanların yetişməsində stimul rolunu oynayacaq. Bu da, qızların bu idman növünə cəlb olunması baxımından müsbət təsir göstərəcək.