Reytinq turnirində daha 2 medal

Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.
Bu gün daha 3 güləşçimiz “Zaqreb Open”də mübarizə aparıb.
Sərbəst güləş üzrə yığmanın 92 kq-da çıxış edən üzvləri fəxri kürsüyə qalxıb. Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləri yarımfinalda qarşılaşıb. Abubakra 6:5 hesabıyla qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kq) macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.
