Yürüyüş üçün bel çantasının seçimi və yığılması

ESTAFET/ Bel çantasının düzgün seçilməsi və yığılması dağçılıqda, təbiət yürüşlərində, səyahətlərdə diqqət edilməsi zəruri olan məqamlardan biridir. Bu çanta sizin edəcəyiniz fəaliyyətlərdən asılı olaraq dəyişir və bunun üçün bel çantasını seçərkən düzgün qərar verməlisiniz.
Çantanızı seçərkən daha çox hansı məqsədlə istifadə edəcəyinizi bilməlisiniz. Ümumiyyətlə, çantanı faliyyət istiqamətindən asılı olaraq seçmək lazımdır.
Çantalar müxtəlif ölçülərdə olur. Bel çantalarının həcmi litrlə hesablanır. Məsələn, bir günlük yürüşlərdə 15-20 litrlik çantalar yetərlidir. Lakin 2-3 günlük təbiət yürüşləri etsəniz 50+ litrlik çantalar ala bilərsiniz.
Çanta alarkən diqqət ediləcək xüsusiyyətlər isə bunlardır: bel sistemi necə hazırlanıb, sağlamdırmı, yoxsa zəif yerlərdən cırılacaq kimi görünür, çantanın tikişləri davamlıdırmı, çantanın içindəkiləri götürmək, daha sonra yenidən içinə qoymaq rahatdırmı, sukeçirməzlik (raincover), çantanı böyütmək və kiçiltmək üçün olan qayışları varmı, asqı halqası və buz baltası qayışları varmı, uzun yürüşlərdə çantanın həcmini böyütmək mümkündürmü, uzadıla bilən üst boyunluq varmı və s.
Su keçirməzlik – Bel çantası seçimi edərkən yürüşlərinizdə yağışın da olacağını unutmayın. Yağışlı havalarda yürüş edərkən və çantanızı daşıyarkən içərisəndəki əşyaların və geyimlərinizin islanmamsı üçün çanlarda su keçirməz üzlüklər (PackRainCover) olmalıdır və su keçirməzin hər zaman çantanızda olmasından əmin olun. Yalnız kanyon keçişləri üçün istehsal olunan çantalar su keçirməz olur. Digər çantalar isə gec-tez üzlüklərin olmasına baxmayaq su keçirəcək. Bunun üçün də özünüzlə sukeçirməz paketlər götürməniz məsləhətdir ki, yataq kisəsi və geyimləriniz kimi lazımı ləvazimatlarınız islanmasın.
Çeşidlər – Bel çantaları əsasən 3 çeşiddə olur: uzun yol səyahətləri, bir günlük təbiət yürüşləri və dağçılıq modelləri. Bunların istehsalları nə qədər fərqli olsa da, əsas olan belə düzgün oturmasıdır. Növündən asılı olaraq parçaları və tikilmə formaları da fərqli olur. Əgər bel çantasını uzun müddətli yürüşlərdə və dağçılıq fəaliyyətlərində istifadə edəcəyinizi nəzərə alsaq, çanta seçimi zamanı onun sağlam parçadan, dözümlü və çoxməqsədli olmasını hər zaman ön planda tutmalısız. Bunlara diqqət etməklə siz turlar zamanı çantada olan partlama, cırılma və qopma hallarından narahat olmayacaqsınız. Ən əsas da bel çantanıza yığdınız lazımsız əşyaların sizi səyahətlər və yürüşlər zamanı yoracağını unutmayın. Bunun üçün də çantanızı yığarkən yalnız vacib əşyaları götürməli və düzgün yığmalısız ki, yürüşlər zamanı bel quruluşunuza və sağlamlığınıza zərər vurmayasız.
Funksionallıq – Bel çantaları bir neçə bolümdən ibarət olur ki, bu da lazımı əşyaları və ləvazimatları götürməkdə daha praktikdir. Çantanı yığarkən yolda ehtiyac olacaq ləvazimatları üst cibə, yan ciblərə və çantanın daha rahat əl çatan hissələrinə qoyulmasına diqqət edilməlidir. Yüngül və ağır ləvazimatları yığarkən ayrı yerləşdirməlisiniz. Ağır ləvazimatlar tarazlığınızın pozulmaması məqsədi ilə çantanın belə yaxın hissələrinə yerləşdirməlisiniz. Əgər uzun müddətli yürüşlərdə olacaqsınızsa, ağır əşyalar çantanın yuxarı hissəsinə yığılmalıdır.
Dırmanışlarda stabililiyi artırmaq və dırmanarkən qollara düşəcək olan ağırlığı azaltmaq üçün ağırlıq mərkəzi daha aşağı, belə daha yaxın olmalıdır. Bel çantanızın rahat daşına bilməsi üçün onun düzgün yığılması və nizamlanması şərtdir. Çantalarınıza yerləşdirdiyiniz əşyaları qruplaşdırmaq həm daşınmasında sizi yormayacaq, həm də lazımlı ləvazimatlara daha rahat götürə biləcəksiz.
- Yüngül və böyük həcmli əşyalar çantanın aşağısına yerləşdirilməlidir (məsələn: yataq kisəsi);
- Əlavə geyimlər isə yataq kisəsinin üzərinə və kənar hissələrinə yerləşdirilir;
- Yemək kimi daha ağır əşyalar çantanın belə yaxın hissələrinə yerləşdirlir;
- Yürüyüş zamanı lazım olacaq əşyalar və ləvazimatlar çantanın üst hissəsinə yerləşdirilməlidir;
- Çadırlar və matlar çantanın çölündə alt ya da üst hissədə daşına bilər;
- Xəritə, kompas, eynək kimi xırda əşyalar çantanın üst cibinə ya da yan cib lərəyerləşdirilə bilər;
Çantanı yığdıqdan sonra sonda onun stabilliyini yoxlamaq üçün çantanın dəstəksiz dik dayanıb-dayanmamasını yoxlamağınız məsləhətdir.
Bel sistemi – Çantanı yığdıqdan sonra onu bədəninizə və belinizə uyğun olaraq düzgün şəkildə nizamlamanız şərtir. Bel çantalarında iki cür bel sistemi olur.
- Sabit bel sistemi - bu tip çantalar müxtəlif ölçülərdə olur. Buna görə də bu tip çanta alarkən geyinərək yoxlayıb, öz ölçünüzə uyğun almalısınız
- Nizamlanan bel sistəmləri - bu tip çantalarda bel hissəsində fərqli yerlərdə ölçüyə görə dəyişmək olur. Bu halda çantanı boyunuza və bədəninizə uyğun istənilən nöqtədə nizamlaya bilərsiz.
Bel sistemlərinin məqsədi yükün böyük hissəsinin onurğa vasitəsi ilə çiyinlərdən alınıb daha güclü əzələ qrupları olan omba sümüyünə ötürməkdir. Ağır çantanı uzun müddәt tәk çiyindә daşımaq hәm onurğaya, hәm dә çantaya zәrәrdir, çünki ağırlıq tәk bir hissәyә düşür. Bunun üçün çantanızın aşağı hissəsində, yəni çanaq sümüyünün üzərində bağlamağı unutmayın. Çantalarınızı nə qədər düzgün şəkildə nizamlasanız və çantanızla beliniz tam olaraq bütünlük təşkil edərsə, yürüşlərdə çantanı daşımaq o qədər rahat olacaq.
Çantalarınızı lazımsız əşyalarla yükləyib özünüzü yormayın, düzgün seçim edin!